Keçid linkləri

2025, 22 Yanvar, çərşənbə, Bakı vaxtı 15:14

Ülvi Həsənli: 'İlham Əliyev istəyir ki, hamı yaltaqlansın, yalanla yaşasın'


Ülvi Həsənli
Ülvi Həsənli

"AbzasMedia"nın icraçı direktoru Ülvi Həsənli deyir ki, rəhbərlik etdiyi nəşrdə korrupsiya araşdırmaları, məmur özbaşınalığı barədə materialları yayımlarkən prezident İlham Əliyevin qəzəbinə tuş gələcəyini bilirdilər. Buna baxmayaraq, jurnalistikanın prinsiplərinə xəyanət etmədən fəaliyyətlərini davam etdirməyə qərar vermişdilər.

"Jurnalistikanın missiyası hökumətin fəaliyyəti üzərində ictimai nəzarət formalaşdırmaq, problemlərə işıq salmaqdır. Prezident və ona yaltaqlanan zümrə isə deyir ki, "yox, siz düz bilmirsiniz, jurnalistika yarınmaq, korrupsiyanı, maxinasiyaları ört-basdır etməkdir". Jurnalistikaya tamam zidd olan şeyləri bunlar jurnalistika sayır", - Ü.Həsənli məhkəmədəki ifadəsində belə deyib.

"AbzasMedia" ilə bağlı cinayət işi üzrə həbsdə olan 7 jurnalistin - icraçı direktor Ülvi Həsənlinin, müavini Məhəmməd Kekalovla baş redaktor Sevinc Vaqifqızının, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımovanın, "Turan" İnformasiya Agentliyi iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalı ilə AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadənin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

"Bizi elə gizlədirlər ki..."

Yanvarın 21-də məhkəmədə Ü.Həsənli saxlandıqları Bakı İstintaq Təcridxanasında "AbzasMedia"çılara qarşı ayrıseçkilikdən şikayətlənərək onlarla düşməncə davranıldığını söyləyib: "Ailə üzvlərimizlə, vəkillərlə görüşə, məhkəməyə, telefon zənglərinə aparılıb-gətiriləndə xüsusi davranışa məruz qalırıq. Bizi elə gizlədirlər ki... Belə münasibət üzündən vəkilimlə dəfələrlə görüşə bilməmişəm. Bizə qarşı düşmən münasibət dayandırılsın".

Ü.Həsənli və digər təqsirləndirilən jurnalistlər Rasim Sadıxovun sədrlik etdiyi hakimlər kollegiyasına müraciət edib ki, belə davranışa son verilməsi üçün tədbir görülsün.

Ülvi Həsənlinin saxlanması: 'AbzasMedia' korrupsiya araşdırmalarına davam edəcək
Gözlə

No media source currently available

0:00 0:06:51 0:00

Ardından Ü.Həsənli ifadə verərək 2016-cı ildə bir qrup həmkarı ilə "AbzasMedia"nı yaratdıqlarından, o vaxtdan bəri də nəşrə rəhbərlik etdiyindən danışıb: "Məqsədimiz peşəkar və azad media olaraq, vətəndaşların problemlərini işıqlandırmaq, korrupsiya hallarını ortaya çıxarmaq idi. Çünki ölkəmizdə çox ciddi siyasi, sosial və hüquqi problemlər var. Hakim elita milyardlarla dövlət vəsaitini xarici ölkələrə daşıyır".

Onun sözlərinə görə, "AbzasMedia"nın araşdırmaları Qarabağda bərpa işlərinə ayrılmış 10 milyard vəsaitin prezident və yaxın ətrafının şirkətlərinə verildiyini, işğaldan qurtarılmış torpaqların məmur-oliqarxlara məxsus şirkətlər arasında bölüşdürüldüyünü ortaya çıxarıb.

"İlham Əliyev istəyir ki, hamı yaltaqlansın"

Ü.Həsənli vurğulayıb ki, tutulanda Bakı Şəhər Baş Polis İdarəsində də ondan korrupsiya araşdırmaları barədə soruşublar. Onun sözlərinə görə, 2023-cü il noyabrın 20-də həm saxlanılarkən, həm də sonradan polis idarəsində döyülüb. İdarədə döyülməsinin səbəbi öz telefonuyla kompüterinin kodunu demək istəməməsi olub.

"Bu 27 cild, 7 min səhifə iş tam saxta və qondarmadır. İlham Əliyev istəyir ki, hamı yaltaqlansın, yalanla yaşasın. Yaxşı atalar sözü var: "dostunu göstər, deyim kimsən". Onun dostu Kiselyov, Solovyov, Mirşahindir. Bizim dostlarımızsa Sevinc, Nərgiz, Elnarə, Fərid, Hafiz və digərləri... Bizim işdə cinayət işini hazırlayan da, ittihamçı da, məhkəmə qərarını verən də eyni adamdır. Əlbəttə ki, İlham Əliyev!", - Ü.Həsənli ifadəsinin sonunda belə deyib.

"AbzasMedia"nın icraçı direktoru prokurorun suallarını cavablandırmaqdan imtina etsə də, vəkillərin suallarını cavablayıb. Deyib ki, cinayət işinin materiallarında çoxsaylı ziddiyyətlər var. Məsələn, S.Vaqifqızının onunla birlikdə Amerikada olduğu göstərilsə də, bu, doğru deyil. Onun sözlərinə görə, Sevinc heç vaxt ABŞ-də səfərdə olmayıb, özü isə 2012-ci ildə oraya gedib.

Fərid Mehralızadə
Fərid Mehralızadə

Ü.Həsənli vurğulayıb ki, təqsirləndirilən şəxslərdən F.Mehralızadəni "AbzasMedia"nın əməkdaşı kimi təqdim edirlər, bu da tam yalandır: "Fəridin "Abzas"la heç bir əməkdaşlığı olmayıb. Sadəcə, dost kimi münasibətimiz olub onunla. İş materiallarında da onun "Abzas"la əməkdaşlığı haqda bircə fakt yoxdur".

"AbzasMedia işi" üzrə məhkəmə prosesi fevralın 11-də davam edəcək.

Xatırlatma

"AbzasMedia" üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlanıb. Həmin gün nəşrin direktoru Ü.Həsənli və direktor müavini M.Kekalov saxlanılıb, onların evində, nəşrin ofisində axtarış aparılıb. Ofisdən 40 min avro pul tapıldığı iddia edilib.

Ü.Həsənli ofisə pulu axtarış aparanların özlərinin atdığını bildirib.

Təqsirləndirilən şəxslərə qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilən əmlakı leqallaşdırma, vergidən yayınma və başqa ittihamlar verilib.

Bu ittihamlarda 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Son bir ildə Azərbaycanda qruplar halında 30-a yaxın jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təxminən 300 siyasi məhbus var. Rəsmilər ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər. Amma beynəlxalq insan haqları qurumları, ABŞ Dövlət Departamenti, Bakıdakı bir qrup Qərb diplomatı da hökuməti haqsız tutulanları azad etməyə, müstəqil mediaya, vətəndaş cəmiyyətinə basqıları dayandırmağa çağırıb.

XS
SM
MD
LG