Keçid linkləri

2025, 22 Yanvar, çərşənbə, Bakı vaxtı 17:44

Sevinc də var, üzgünlük də: İlk əsirlər sərbəst buraxılıb


Köçkün fələstinlilər Qəzza zolağının cənubundakı Rəfaha qayıtmalarına sevinirlər.
Köçkün fələstinlilər Qəzza zolağının cənubundakı Rəfaha qayıtmalarına sevinirlər.

Yanvarın 19-da Qəzza zolağında çoxdan gözlənilən atəşkəs razılığı qüvvəyə minib.

Gecikməylə olsa da, 3 israilli əsirin azad edilməsi ABŞ-də terrorçu təşkilat sayılan HƏMAS-la İsrail arasındakı razılığın kövrək olduğuna eyham vurur.

İsrail yanvarın 20-də ilk razılaşdırılmış mübadilə zamanı, hamısı qadın və uşaq olmaqla, 90 fələstinlini sərbəst buraxıb.

Bir neçə ay sürən danışıqlardan sonra yanvarın 15-də atəşkəsə və əsirlərin buraxılmasına dair razılıq əldə edilib. Bu, Qəzzada 15 ay davam edən savaşın bitirilməsi üçün bir neçə mərhələli prosesin ilk addımıdır.

Sonuncu münaqişə İranın dəstəklədiyi HƏMAS-ın İsrailin cənubuna hücumu nəticəsində 1200-dək şəxsin öldürülməsi, 251-inin əsir götürülməsiylə başlanıb. Bölgənin səhiyyə strukturlarının bilgisinə görə, İsrail, azı, 46 min insanın ölümüylə nəticələnən dağıdıcı savaşla cavab verib.

Bölgəyə təcili humanitar yardım da göstəriləcək

Razılığa əsasən, minədək fələstinli, onlarla israilli ilə dəyişdirilib azad ediləcək. Humanitar böhrandan əziyyət çəkən bölgəyə təcili humanitar yardım da göndəriləcək.

İsrailin bilgisinə görə, atəşkəsin 3 saata yaxın gecikdirilməsinə səbəb HƏMAS-ın ilk üç əsirin adlarını verməməsi olub. Qruplaşma bunun "texniki" səbəblərdən qaynaqlandığını bildirib.

Gecikmə sürdükcə İsrail Qəzzaya zərbələr endirib. Bir neçə hücumda, azı, 19 nəfər həlak olub.

Vəzifəsini tərk edən ABŞ prezidenti Co Bayden razılığın qüvvəyə minməsini alqışlayıb.

"Bu razılığa aparan yol çox uzun və çətin idi", - o, Cənubi Karolina ştatındakı bir baptist kilsədəki çıxışında belə deyib.

Bayden əlavə edib ki, atəşkəsin uzunmüddətli olması yanvarın 20-də günorta saatlarında prezident yetkilərini gerçəkləşdirməyə başlayacaq Donald Trampın administrasiyasından da asılı olacaq:

"Əsirlər bu gün azadlığa çıxmağa başlayacaq… Öncə 3 möhtəşəm qadın çıxacaq", - Tramp sosial şəbəkə hesabında yazıb.

Təl-Əviv sakinləri üç qadın girovun azad edilməsi xəbərini gözləyirlər.
Təl-Əviv sakinləri üç qadın girovun azad edilməsi xəbərini gözləyirlər.

Yeni səhifənin başlanğıcı?

"Əsirlərin ailələrinə qovuşması ürəklərimizi ümidlə doldurur…. Bu, qoy İsrail və Fələstin xalqları üçün yeni bir səhifənin başlanğıcı olsun", - Avropa Komissiyasının başçısı Ursula Fon der Lyayenin sözləridir.

Bu arada İsrailin qatı sağçı "Otzma Yehudit" partiyası atəşkəs razılığına etiraz olaraq, hökuməti tərk edəcəyini açıqlayıb. Bu üzdən, Baş nazir Benyamin Netanyahu hazırda parlamentdə cüzi çoxluqla qalacaq.

Atəşkəs qüvvəyə minəndən sonra Qəzzanın hər yerində bayram tədbirləri keçirilir. Bəzi fələstinlilər öz evlərinə qayıtmağa başlayıb.

Fələstinli yazar və təhlilçi Zaher əl-Kəşif deyib ki, bölgədə "rahatlıq və xoşbəxtlik" ab-havası duyulmaqdadır. Bununla belə, onun fikrincə, böyük bir bölümü xarabalığa çevrilən Qəzzada sakinlərin gələcəyi qeyri-müəyyən olaraq qalır: "Biz, genişmiqyaslı dağıntılar, yayılan yoxsulluq və aclığın kölgəsində qalan gələcəyimizlə bağlı gerçək yardım və perspektivlər umuruq".

Razılığın birinci mərhələsində 6 həftəlik atəşkəs başlanacaq. Bu müddətdə İsrail ordusu Qəzzanın bəzi hissələrindən çıxarılacaq. HƏMAS İsrail həbsxanalarında saxlanılan fələstinlilərin əvəzində təxminən 90 israilli əsirdən 33-ünü azad edəcək.

İlk mərhələdə məcburi köçkünə çevrilən fələstinlilərə öz evlərinə qayıtmağa icazə veriləcək, HƏMAS-ın yönəltdiyi anklava humanitar yardımın göndərilməsinə başlanacaq.

Razılığın 16-cı günündə 2-ci və 3-cü mərhələlərlə bağlı danışıqlar başlanacaq. Təhlilçilərin fikrincə, bu, atəşkəsin uzunmüddətliliyinə dair ilk gerçək sınaq ola bilər.

Razılığın ikinci mərhələsi qalan əsirlərin azad edilməsi və ən əsası, savaşın sona bitməsiylə əlaqədardır. Son mərhələ Qəzzada yenidənqurma işlərinin aparılması məqsədini daşıyır.

Tel-Əvivin Bar-İlan Universitetinin əməkdaşı Menaxem Klyayn deyib ki, bir çox israilli atəşkəs və əsir anlaşması ilə bağlı "qarışıq duyğular" keçirir.

"Onlar əsirlərin geri qayıtmasına çox sevinirlər. Digər tərəfdən, onlar üzgündürlər, axı savaşdakı məqsədə yetişilməyib - İsrail HƏMAS-ı məhv etməyib. Onlar savaşın gələcəkdə də sürəcəyini və HƏMAS-ın tam məhvini gözləyirlər", - keçmiş dövlət müşaviri Klyayn belə deyib.

XS
SM
MD
LG