Xəbərlər
Qəzzədə son durum: ölü sayı artır, on minlərlə insan köçkün düşüb
- İsrail Müdafiə Qüvvələri HƏMAS-ın Qəzzada 120-dən çox mülki vətəndaşı girov saxladığını təsdiqləyib.
- Qəzzanın daxili işlər nazirliyinin məlumatına görə, İsrailin hava hücumları Qəzzanın şimalını təxliyə edən 70 nəfəri öldürüb, 200 nəfəri yaralayıb.
- BMT bildirir ki, Qəzzada 423 min insan didərgin düşüb.
- Rusiya BMT Təhlükəsizlik Şurasında humanitar atəşkəsə çağıran qətnamə təqdim edib.
Qəzzənin şimalında yaşayan əhali İsrailin gözlənilən quru hücumundan əvvəl qaçır. İsrail rəsmiləri bugün axşam dördə qədər əhalinin təxliyyəsi üçün Qəzzənin cənub istiqamətində iki təhlükəsiz yol açdıqlarını bildirir.
İsrail ordusu iki Həmas komandirini öldürdüyünü açıqlayıb
Bu barədə İsrail ordusunun rəsmiləri məlumat yayıb.
İsrail rəsmilərinin sözlərinə görə öldürülən komandirlər Merad Abu Merad və Ali Qadidir.
Qeyd edək ki, oktyabrın 7-də Həmas qruplaşmasının İsrailə hücumunun ardından İsrail ordusu Qəzzə bölgəsini bombalamağa davam edir. Yaxın zamanda İsrail ordusunun quru əməliyyatlarına başlayacağı gözlənilir. Bugünə qədər Qəzzədə ölənlərin sayı iki min nəfəri keçib.
BMT on minlərlə fələstinlinin köçkün düşdüyünü açıqlayıb
Reuters BMT rəsmilərinə istinadən yazır ki, İsrailin cümə günü Qəzzənin şimal bölgəsinin təxliyyə edilməsini tələb etməsinin ardından on minlərlə fələstinli evlərini tərk etmək məcburiyyətində qalıb.
Buna qədər oktyabrın 7-dən sonra 400 minə yaxın fələstinli yaşadığı yerdən köçkün düşdüyü bildirilir.
"Qəzzə sakinlərinə su, qida və yanacaq çatdırılması üçün təxirəsalınmaz şəkildə humanitar girişin açılmasına ehtiyacımız var" - bu sözləri BMT baş katibi Antonio Queterreş deyib.
Bütün xəbərləri izləyin
Azərbaycan səfirliyinə hücum edən şəxsin edam hökmü təsdiqləndi
Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxs barədə çıxarılan hökmü İran Ali Məhkəməsi təsdiqləyib.
İran mediası xəbər verir ki, Ədliyyə Nazirliyinin sözçüsü Əsgər Cahangir yanvarın 22-də keçirdiyi mətbuat konfransında Azərbaycan səfirliyinə hücumun səbəbkarının işinin son durumu ilə bağlı sualı cavablandırıb.
Mətbuat katibi bildirib ki, İran Ali Məhkəməsi həmin şəxs barədə çıxarılmış hökmü təsdiqləyib: "Həmin şəxs ölüm cəzasına məhkum edilib və işin icrası üçün dosye Tehran Cəza Hökmünün İcrası Şöbəsinə göndərilib".
Xatırlatma
Yasin Hüseynzadə kimi təqdim edilən şəxs 2023-cü ilin yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə "Kalaşnikov" markalı avtomat ilə hücum edib. Hədisə nəticəsində səfirliyin bir əməkdaşının həlak olduğu, iksinin isə xəsarət aldığı açıqlanıb. O, səfirlikdə öz həyat yoldaşını axtardığını və onu xilas etmək istədiyini bildirmişdi.
Amma Azərbaycanın rəsmi qurumları bu iddianı təsdiqləməmişdilər. Həmin olaydan sonra səfirliyin bütün işçiləri Azərbaycana təxliyə edilib. Yalnız ötən ilin yayında Azərbaycanın Tehrandakı səfirliyi öz işini tam olaraq bərpa edib.
Azərbaycan prezidenti İlham Əliyev bu yaxınlarda yerli mediaya müsahibəsində silahlı hücumu "təşkil olunmuş terror aktı" adlandırıb, hadisədən iki il keçməsinə baxmayaraq, terroru törədən şəxsə qarşı edam hökmünün icra edilmədiyini deyirdi.
Aİ-nin baş diplomatı Trampın müdafiə xərclərinin artırılması çağırışını dəstəkləyir
Avropa İttifaqı (Aİ) müdafiə xərclərini artırmalı, "ən pis vəziyyətə hazırlaşmaq" və "lazım gələrsə, təkbaşına" mübarizə apara bilmək üçün tədbirlər görməlidir.
Bunu Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas bu gün Brüsseldə Avropa Müdafiə Agentliyinin illik konfransında çıxışında deyib.
"Milli kəşfiyyat agentliklərimizin bir çoxu bizi məlumatlandırır ki, Rusiya üç-beş il ərzində Aİ-nin özünümüdafiə hazırlığını sınaqdan keçirə bilər", - Kallas deyib. O, Rusiyanın üç ay ərzində Aİ-nin 27 üzv ölkəsinin birlikdə 12 ayda istehsal edə biləcəyindən daha çox silah və sursat istehsal edə biləcəyi barədə xəbərdarlıq edib.
"Tramp haqlıdır"
K.Kallas deyib ki, ABŞ prezidenti Aİ-ni müdafiə sahəsinə lazımi maliyyə ayırmadığı üçün tənqid etməkdə haqlıdır: "Prezident Tramp haqlıdır ki, biz yetərincə vəsait xərcləmirik. Artıq investisiya qoymağın vaxtıdır. Amerika Birləşmiş Ştatları bizim ən güclü müttəfiqimizdir və belə də qalmalıdır. Aİ-nin ABŞ-yə mesajı aydındır – biz öz müdafiəmiz üçün daha çox iş görməli və Avropanın təhlükəsizliyinə görə məsuliyyətin ədalətli payını üzərimizə götürməliyik", - Avropa İttifaqının top diplomatı çıxışında vurğulayıb.
"Euronews" yazır ki, növbəti 10 il ərzində Aİ-nin müdafiə sahəsində rəqabət qabiliyyətini qoruyub saxlaya bilməsi üçün azı 500 milyard avroya ehtiyacı olacaq. Lakin indiyədək 2021-2027-ci illəri əhatə edən Aİ-nin uzunmüddətli büdcəsində müdafiə və təhlükəsizlik üçün cəmi 13 milyard avro ayrılıb ki, bu da ümumi büdcənin cəmi 1.2 faizini təşkil edir.
"Bizə üzv dövlətlərdən və özəl sektordan, eyni zamanda, ümumi Avropa büdcəsindən investisiyalar lazımdır. Biz 1 faizdən daha çox xərcləməliyik", – Aİ-nin Ali Nümayəndəsi deyib.
"Vahid Avropa ordusu lazım deyil"
Keçən il Aİ-yə üzv dövlətlər müdafiə sahəsinə ortalama olaraq ÜDM-in 1.9 faizini ayırıb. Digər tərəfdən, Rusiya bu sahəyə ÜDM-in 9 faizini xərcləyib.
Litva regionda Rusiyanın mümkün təcavüzü səbəbindən 2026-cı ildən etibarən müdafiə xərclərini ÜDM-in 5-6 faizi səviyyəsinə yüksəldəcəyini elan edib. Lakin İtaliya və İspaniya kimi bəzi iri iqtisadiyyatlar hələ də NATO-nun 2 faizlik hədəfinə çata bilməyib.
K.Kallas deyib ki, "müdafiə yüksək ixtisaslaşmış və yüksək intensivlik tələb edən bir sahədir, buna pul, insan resursları və zaman lazımdır. Bizim pulumuz və insan resurslarımız var, amma zamanımız yoxdur. Ukrayna bizə vaxt qazandırır".
Aİ-nin Ali Nümayəndəsi Avropanın vahid orduya ehtiyac olmadığını da diqqətə çatdırıb: "Bizə vahid Avropa ordusu lazım deyil. Bizə 27 üzv ölkənin ordusu lazımdır ki, onlar bacarıqlı olsun, rəqiblərimizi çəkindirmək və Avropanı müdafiə etmək üçün effektiv şəkildə birlikdə işləyə bilsinlər".
Bir neçə gün əvvəl Fransa prezidenti Emmanuel Makron da Avropanı oyanmağa və təhlükəsizlik baxımından ABŞ-dən asılılığı azaltmaq üçün müdafiə xərclərini artırmağa çağırıb.
Fransa hərbi qulluqçuları qarşısında çıxış edən prezident Makron soruşub: "Əgər sabah Amerika müttəfiqimiz Aralıq dənizindən döyüş gəmilərini çıxarsa, nə edəcəyik? Əgər onlar qırıcı təyyarələrini Atlantikdən Sakit okeana yönəltsələr?".
"Ukraynaya yardım prioritetimiz olmalıdır"
Kallas bildirib ki, Avropanın birinci prioriteti Rusiya işğalına qarşı mübarizə aparan Ukrayna qüvvələrinə yardım göstərmək olmalıdır.
"Ukraynaya daha çox kömək edə biləcəyimizə heç bir şübhə yoxdur. Bizim dəstəyimizlə onlar müharibədə qalib gələ bilərlər", –o vurğulayıb.
"Putinin anladığı yeganə dil güc dilidir", – Kallas əlavə edib.
Davosda Azərbaycan və Ukrayna prezidentləri görüşüb
Azərbaycan prezidenti İlham Əliyev yanvarın 22-də Davosda Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb.
AZƏRTAC-ın xəbərinə görə, söhbət zamanı Azərbaycan ilə Ukrayna arasında siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələr, energetika sahəsində əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə olunub
3 il əvvəl, fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. Ondan altı il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı ilhaq etmişdi.
Onda Rusiyaya sanksiyalar tətbiq edilməyə başlanmışdı.
Yeni müharibədən sonra Qərb və dünyanın bir sıra ölkələri Rusiyaya sanksiyaları genişləndirib. Azərbaycan bu sanksiyalara qoşulmasa da, Ukraynanın ərazi bütövlüyünü tanıyır və ona humanitar yardımlar göstərir.
Bu il Davos İqtisadi Forumu yanvarın 20-də başlayıb və 24-nə kimi davam etməlidir.
Tramp Rusiyanı yeni sanksiyalara məruz qoya biləcəyini söyləyir
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibəni bitirmək üçün sülh danışıqlarını qəbul etməyəcəyi təqdirdə Rusiyaya əlavə sanksiyaların tətbiqi ehtimalından danışıb.
Yanvarın 21-də Ağ evdə jurnalistlər Trampdan əgər Putin danışıqlar masasına oturmasa, Vaşinqtonun Rusiyaya yeni sanksiyalar tətbiq edib-etməyəcəyini soruşublar. ABŞ prezidenti bu suala "elə görünür" cavabını verib.
Tramp Rusiyaya qarşı mümkün yeni sanksiyalarla bağlı təfərrüat verməyib. O, həmçinin yaxın zamanda Putinlə danışmaq niyyətini bir daha bəyan edib, lakin bununla bağlı konkret vaxt deməyib.
"Biz [Ukrayna prezidenti] Zelenski ilə danışırıq. Tezliklə prezident Putinlə də danışacağıq. Məsələyə baxacağıq", –Tramp bildirib.
Yanvarın 20-də ABŞ prezidenti jurnalistlərə açıqlamışdı ki, Zelenski müharibəni bitirmək üçün sülh sazişi istədiyini ona bildirib.
ABŞ prezidenti Çin lideri Si Cinpinlə telefon əlaqəsindən də danışıb. Prezident Tramp bildirib ki, telefon danışığı zamanı o, Cinpindən münaqişənin sona çatmasına kömək etməyi xahiş edib: "O, bu məsələdə hələ çox şey etməyib. Onun da bizim kimi böyük gücü var. Mən ona dedim ki, bu məsələni həll etməlisiniz. Biz bu mövzunu müzakirə etdik".
Ukraynaya yardım nəzərdən keçirilir
Tramp həmçinin komandasının Ukraynaya əlavə silah göndərilməsi imkanlarını nəzərdən keçirdiyini bildirib.
Prezidentlik kampaniyası zamanı Tramp Co Bayden administrasiyasının Ukraynaya verdiyi yardımların çox olması ilə bağlı sərt çıxışlar edib. Bununla belə, Tramp bəzi hallarda Ukraynanın zamanla ABŞ-yə silah tədarükü üçün ödəniş edəcəyi lend-liz proqramı ideyasına açıq olduğunu bildirib.
Tramp son açıqlamalarında digər müttəfiqlərin Ukraynanın müdafiəsi üçün xərcləri artırmalı olduqları mövqeyini bir daha təkrarlayıb. O, Avropa İttifaqının Kiyevə yardımını ABŞ-nin yardım səviyyəsinə bərabərləşdirməyə çağırıb.
Bu açıqlamalar Trampın Ağ evdəki yeni dönəminin ikinci günündə səsləndirilib. O, tez-tez təriflədiyi Putinə sülh danışıqlarına başlamaq üçün ardıcıl ikinci gündür təzyiq göstərir.
Prezidentlik kampaniyası zamanı Tramp vəzifəyə başladıqdan sonra 24 saat ərzində müharibəni bitirəcəyinə söz vermişdi. Son həftələrdə bu bəyanatından geri çəkilsə də, hələ də müharibəni sürətlə bitirəcəyini vəd edir.
Bir çox analitiklər düşünür ki, müharibənin yaxın zamanda bitməsi çətindir, çünki Putin qalib gəldiyinə inanır və döyüşləri dayandırmaq üçün heç bir stimulu yoxdur.
Tramp daha əvvəl bildirib ki, Putin Ukrayna müharibəsini bitirmək üçün razılaşmaya getməkdən imtina etməklə Rusiyanı "məhv edir".
"Onun razılaşma əldə etməsi lazımdır. Düşünürəm ki, razılaşma etməməklə o, Rusiyanı məhv edir", – Tramp jurnalistlərə bildirib.
Trampın açıqlamaları Rusiyanın diqqətindədir
Rusiya prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov isə jurnalistlərə deyib ki, Moskva Trampın açıqlamalarını "nəzərə alır". Lakin o, əlavə şərh verməkdən çəkinib və Kremlin əlaqələr üçün əsas təşkil edə biləcək "konkret" təklifləri gözlədiyini bildirib.
Putin yanvarın 21-də müttəfiqi Çin lideri Si Cinpinlə videozəng vasitəsilə danışıb. Tərəflər Trampın komandası ilə mümkün təmasları müzakirə ediblər. Rusiya mediası Putinin çinli həmkarına Rusiya və Çinin birgə səylərinin qlobal məsələlərdə vacib sabitləşdirici rol oynadığını söylədiyini yazıb.
Xatırlatma
Putin 2022-ci ilin fevralında Ukraynaya qarşı genişmiqyaslı işğal müharibəsinə başlayıb.
Daha əvvəl, 2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını tutaraq ilhaq edib və şərqi Ukraynada separatçıları dəstəkləyib. Ukraynanın şərqində geniş əraziləri ələ keçirərək öz nəzarətinə götürüb.
Ermənistan XİN Türkiyəyə başsağlığı verib
Ermənistan Xarici İşlər Nazirliyi Türkiyədə çox sayda insan tələfatına səbəb olan yanğınla bağlı başsağlığı verib. Ermənistan XİN-in rəsmi X hesabında bununla bağlı paylaşım edilib.
"Türkiyənin Bolu bölgəsində çoxsaylı insanın həyatına son qoyan faciəvi yanğın səbəbindən dərin kədər hissi keçiririk. Düşüncələrimiz qurbanlar və onların ailələri ilədir. Yaralananlara tezliklə sağalmağı arzu edirik", - paylaşımda deyilir.
Yanvarın 21-də Bolu vilayətində yerləşən "Kartalkaya" xizək kurortundakı 12-mərtəbəli hoteldə baş verən yanğında ölənlərin sayı 76-ya çatıb, 50-dən çox insan isə yanıq xəsarətləri alıb.
Yanğının səbəbləri araşdırılır. Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə ilə əlaqədar hotel kompleksinin sahibi də daxil olmaqla doqquz nəfər saxlanılıb.
Yerevan Moskva ilə səmərəli siyasi dialoqda maraqlıdır - Mirzoyan
Ermənistan Rusiya ilə effektiv siyasi dialoqun davam etdirilməsində maraqlıdır.
AzadlıqRadiosu Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşən Ermənistan xarici işlər naziri Ararat Mirozyan deyib.
Görüş zamanı Mirzoyan vurğulayıb ki, Ermənistan ikitərəfli münasibətləri və regiondakı vəziyyətə təsir göstərən məsələləri müzakirə etmək üçün səmərəli siyasi dialoqu davam etdirməkdə maraqlıdır.
O, Ermənistanın hər zaman açıq və konstruktiv dialoq prinsiplərinə sadiq qaldığını qeyd edib. "Ümid edirik ki, gələcəkdə Rusiya tərəfi baş verən hadisələrin bütün komponentlərini nəzərə alaraq, təəssüf ki, son vaxtlar rast gəldiyimiz birtərəfli şərhlərdən çəkinəcək. Ümid edirəm ki, bugünkü görüş qarşılıqlı anlayışa töhfə verəcək", –Mirzoyan bildirib.
Son zamanlar Yerevanın Qərblə yaxınlaşması ilə əlaqədar Rusiya rəsmiləri müxtəlif səviyyələrdə Ermənistanı tənqid edir.
Ermənistanın ali diplomatı onu da əlavə edib ki, rəsmi Yerevan beynəlxalq platformalarda Rusiyanın maraqlarını anlayışla qarşılamağa çalışır və eyni yanaşmanı rəsmi Moskvadan gözləyir.
"Digər mühüm göstərici beynəlxalq platformalarda əməkdaşlıqdır. Biz həmişə Rusiya Federasiyasının maraqlarına anlayışla yanaşmağa çalışırıq, Rusiya tərəfinin də müəyyən dərəcədə Ermənistan Respublikasının maraqlarını nəzərə alacağına dair istəyimiz və təsəvvürümüz var", - A.Mirzoyan qeyd edib.
Azər Qasımlının apellyasiya şikayəti təmin edilmədi
Yanvarın 21-də Bakı Apellyasiya Məhkəməsində Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının həbsinin ev dustaqlığı ilə əvəzlənməsinə aid verilmiş vəsatətin təmin edilməməsi ilə bağlı məhkəmə qərarından apellyasiya şikayətinə baxılıb.
Vəkil Aqil Layıcın verdiyi məlumata görə, şikayət təmin edilməyib.
Vəkil qeyd edib ki, A.Qasımlı prosesdə heç bir cinayətin törətmədiyini, əksinə, ona qarşı cinayətin törədildiyini bildirib: "Azər bəy öz həbsini qanunsuz adlandırıb".
A.Qasımlının yoldaşı Samirə Qasımlı da bildirib ki, məhkəmədən heç bir gözləntisi yox idi: "Biz bilirik ki, hakimiyyət Azər Qasımlını nə üçün tutub və tutubsa, onu həmən buraxmayacaq. Sadəcə vəkilin tövsiyəsi ilə növbəti instansiyalardan keçmək üçün bu prosedurlardan keçmək lazımdır. Biz bu hüquqi prosedurlardan keçirik, amma bilirik ki, qərar hüquqi müstəvidə deyil, siyasi səviyyədə qəbul olunur".
Hələlik, bu açıqlamalara rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Yanvarın 15-də Yasamal rayon Məhkəməsində A.Qasımlı barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı vəsatət təmin olunmamışdı.
A.Qasımlı 2024-cü il dekabrın 8-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. O özünü təqsirli bilmir və həbsini tənqidli fəaliyyəti ilə əlaqələndirir. Amma rəsmilər, bir qayda olaraq, ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.
17 yanvar
Azər Qasımlının xanımı polisdə ifadə verib
Siyasi Menecment İnstitutunun həbsdə olan rəhbəri Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı bu gün, yanvarın 17-də Yasamal rayon Polis İdarəsində ifadə verib.
Bu barədə onun özü məlumat açıqlayıb.
S.Qasımlı qeyd edib ki, o, həyat yoldaşına açılmış cinayət işi üzrə dindirilib: "Mən müstəntiqə bildirdim ki, iş qondarmadır və siyasi sifarişdir. Dindirmə zamanı bir neçə suala cavab verdim, digərlərinə isə yaxın qohuma qarşı ifadə verməməklə bağlı konstitusion hüququmdan yararlanaraq cavab verməkdən imtina etdim".
Marko Rubio ABŞ dövlət katibi postuna təsdiqlənib
Yanvarın 20-də ABŞ Senatı Marko Rubionu dövlət katibi olaraq təsdiqləyib. Bu, yeni administrasiyanın Senat tərəfindən təsdiq edilən ilk yüksək səviyyəli kabinet üzvü olub.
CNN xəbər verir ki, təsdiq səsverməsi Trampın prezident kimi and içməsindən bir neçə saat sonra keçirilib. Səsvermə zamanı heç bir senator Rubionun təsdiqlənməsinin əleyhinə səs verməyib.
Rubio Demokrat senatorların da dəstəyini qazanıb. Təsdiq dinləməsində Nyu-Hempşir ştatının Demokrat senatoru Cinn Şeyhin M.Rubionu "dövlət katibi vəzifəsinə xidmət etmək üçün yaxşı təcrübəyə sahib" olan biri kimi qiymətləndirib.
M.Rubio 2011-ci ildən bəri Floridadan Respublikaçı senator kimi fəaliyyət göstərib. 53 yaşlı senator 2016-cı ildə prezidentliyə namizəd olub, amma sonra namizədliyini geri götürərək Trampı dəstəkləyib.
Rubio ABŞ dövlət katibi postuna seçilən ilk latın amerikalıdır. O, Kuba ilə münasibətlərin normallaşdırılmasına qarşıdır və Çin mövzusunda sərt mövqeyi ilə tanınır. Rubio təsdiq dinləməsində ABŞ-nin Çinlə bağlı sərt bir mövqe tutmasının vacib olduğunu deyib, Çin Kommunist Partiyasını "güclü" və "təhlükəli" rəqib olaraq xarakterizə edib.
Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı Senatda verilən suallara cavab olaraq, M.Rubio deyib ki, Ukraynanın Rusiya qüvvələrini 2022-ci ilin işğalından əvvəlki sərhədlərə qədər geri qovması "reallıqdan uzaqdır". Rubio əlavə edib ki, o və Tramp müharibənin bitməsi barədə həmfikirdirlər.
"Vladimir Putinin davranışı qəbul edilə bilməz, buna heç bir şübhə yoxdur, amma bu müharibə bitməlidir. Məncə, ABŞ-nin rəsmi siyasəti ondan ibarət olmalıdır ki, biz bunun bitməsini istəyirik", - Rubio deyib.
Tramp 'sülh qurucusu' olacağına söz verib
ABŞ-nin 47-ci prezidenti kimi and içən Donald Tramp "sülh qurucusu" olacağına söz verib.
"Uğurumuzu yalnız qazandığımız döyüşlərlə deyil, həm də bitirdiyimiz müharibələrlə və, bəlkə də, ən vacibi – heç başlamadığımız müharibələrlə ölçəcəyik", – o bildirib.
Lakin Tramp sülhün necə əldə ediləcəyi və qorunacağı ilə bağlı heç bir təfərrüat verməyib.
Ukraynanın reaksiyası
Ukrayna prezidenti Volodimir Zelenski sosial media hesabından Trampı təbrik edib. Zelenski Trampın "güc vasitəsilə sülh" siyasətini "Amerikanın liderliyini gücləndirmək və uzunmüddətli, ədalətli sülhə nail olmaq üçün bir fürsət" adlandırıb. O, bunun əsas prioritet olduğunu vurğulayıb.
Lakin andiçmə mərasimindəki çıxışında Tramp əvvəlki administrasiyanı xarici sərhədlərin müdafiəsinə məhdudiyyətsiz maliyyə ayırmaqda günahlandıraraq tənqid edib. Ukraynada narahatlıq var ki, Trampın hakimiyyətə gəlməsi hərbi dəstəyi dayandırmaqla ölkənin mövqeyini zəiflədə və onu əlverişsiz şərtlərlə sülhə məcbur edə bilər.
"Hamı bu müharibədən çox yorulub, amma onun bir sehrbaz olub hər şeyi nağıla çevirəcəyini gözləmirəm", –Zaporojye sakini andiçmə mərasimindən bir neçə saat əvvəl AzadlıqRadiosuna bildirib.
Putin: Dialoqa açığam
Rusiya prezidenti Vladimir Putinin açıqlamaları bu narahatlıqları daha da gücləndirib.
Milli Təhlükəsizlik Şurasının iclasında çıxış edən Putin Ukrayna münaqişəsinin həlli ilə bağlı yeni ABŞ administrasiyası ilə dialoqa açıq olduğunu bildirib. O, bütün insanların "legitim" maraqlarına hörmət əsasında davamlı sülh əldə etməyə çağırıb.
Putinin bu sözləri 2022-ci ilin fevralında genişmiqyaslı işğal müharibəsi başladığı ölkədə - Ukraynada inandırıcı səslənmir. Putin hələ də Ukraynanın böyük ərazilərinə, o cümlədən Rusiya qüvvələrinin tutmadığı bölgələrə iddia edir.
Yaxın Şərq
Yaxın Şərqdə İsrailin baş naziri Benyamin Netanyahu Trampın andiçmə mərasimini alqışlayaraq ümidvar olduğunu bildirib ki, ABŞ ilə birlikdə "İranın terror oxu"nu tamamilə məğlub edə biləcək.
Tramp çıxışında deyib ki, o, hələ prezident kimi fəaliyyətə başlamazdan bir gün əvvəl Yaxın Şərqdə əsirlər ailələrinə qayıdırlar. Bununla o, İsrail ilə HƏMAS arasında 15 aylıq müharibəyə ara verilməsi ilə bağlı atəşkəs razılaşmasının ilkin mərhələsini nəzərdə tutur. Bu atəşkəs razılaşmasının nə dərəcədə dayanıqlı olacağı hələ aydın deyil. Eyni şəkildə, yeni administrasiyanın növbəti danışıqlara necə yanaşacağı da müəyyən deyil.
Bu mövzuda Tramp heç bir əlavə detallara toxunmayıb.
İranda həbsdə olan Fərid Səfərli Azərbaycana qaytarılıb
İranda həbsdə saxlanılan Azərbaycan vətəndaşı Fərid Səfərli azadlığa buraxılıb.
Bu barədə bu gün, yanvarın 20-də Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və Xarici İşlər Nazirliyinin birgə məlumatında bəhs edilir.
Məlumatda vurğulanır ki, 2023-cü ildə İranda saxlanan F.Səfərli beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində yanvarın 18-də həmin ölkədən təhvil alınaraq ölkəyə qaytarılıb: "Fərid Səfərli tibbi müayinədən keçdikdən sonra ailəsinə qovuşub".
Hələlik, F.Səfərlinin ailəsi bununla bağlı sorğuya cavab verməyib.
Xatırlatma
Yaxınları bildirirdilər ki, Almaniyada təhsil alan Səfərli 2023-cü il fevralın 20-də eyni universitetdə onunla oxuyan qızın dəvəti ilə Tehrana gedib. Onların deməsinə görə, martın 4-dən onunla əlaqə kəsilib və o, Almaniyaya qayıtmayıb. Daha sonra İranda ona qarşı casusluq ittihamı ilə cinayət işi açılıb.
Azərbaycan XİN-in açıqlamasına görə, sonradan "casusluq" ittihamı "casusluq etmək niyyəti" ittihamı ilə əvəz olunub. Onun 2 il həbs cəzası aldığı bildirilmişdi.
Milyarderlərin sərvəti heç vaxt olmadığı qədər sürətlə artır
Dünyada bərabərsizlik getdikcə artır və "aristokratik oliqarxiya" gözlənilməz səviyyədə sərvət yığır. Bu barədə qlobal yoxsulluq və bərabərsizliklə mübarizə aparan beynəlxalq qeyri-hökumət təşkilatı - "Oxfam"ın ötən həftə dərc olunmuş illik hesabatında deyilir.
Davosda keçiriləcək Dünya İqtisadi Forumu ərəfəsində açıqlanan hesabatda bildirilir ki, 2024-cü ildə milyarderlərin sərvəti 2 trilyon dollar artıb. Bu da əvvəlki (2023) il ilə müqayisədə onların sərvətinin üç dəfə daha sürətli böyüməsi deməkdir.
Hesabata görə, dünyanın ən zəngin 1 faizi qlobal sərvətin 45 faizinə sahib olduğu halda, bəşəriyyətin 44 faizi gündə 6.85 dollardan az gəlirlə yaşayır. Qlobal yoxsulluq səviyyəsi isə 1990-cı ildən bəri, demək olar ki, dəyişməyib.
"Biz bu hesabatı dünyadakı adi insanların bir neçə zəngin şəxsin nəhəng sərvəti altında əzildiyini göstərən ciddi bir xəbərdarlıq olaraq təqdim edirik", - "Oxfam"ın icraçı direktoru Amitabh Behar deyib.
Hesabatda qeyd olunan digər bir məqam gələcək 10 ildə trilyonerlərin meydana çıxmasının gözlənilməsidir. "Oxfam" bunu onunla əsaslandırır ki, son 10 ildə ən zəngin 10 milyarderin sərvəti gündə ortalama 100 milyon dollar artıb. Keçən il isə 204 yeni milyarder ortaya çıxıb.
"Oxfam"ın icraçı direktoru zənginlərin artıq iqtisadi və sosial siyasətləri formalaşdırmaq iqtidarında olduğunu, nəticədə bunun onlara daha çox mənfəət gətirdiyini vurğulayıb.
'TikTok'la bağlı qarşıdurmanın ABŞ-Çin rəqabətinə təsiri
Çin şirkəti olan "ByteDance"ə məxsus "TikTok" tətbiqi yanvarın 19-da fəaliyyətini dayandırsa da, elə həmin gün təxminən 12 saat sonra yenidən aktivləşib. Onun qısa müddət ərzində "offline" olmasının səbəbi ABŞ-də qüvvəyə minən federal qadağa ilə bağlıdır.
Tətbiq öz istifadəçilərinə "TikTok ABŞ-yə geri qayıtdı!" bildirişi göndərərək bu xəbəri açıqlayıb. "TikTok" fəaliyyətinin bərpasını ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla əlaqələndirib. Belə ki, Tramp andiçmə mərasimindən sonra federal qadağanı təxirə salmağı (90 gün) nəzərdə tutan icraedici fərman imzayalacağını bildirib. Bu fərman "ByteDance"ə "TikTok"u qeyri-çinli bir sahibə satmaq və ya qadağa ilə üzləşmək tələbini nəzərdə tutur.
Bu qərar "TikTok"un taleyi ilə bağlı baş verən sürətli və ardıcıl proseslərin ən son mərhələsini təşkil edir. Həmçinin, bu vəziyyət Çin ilə ABŞ arasında qlobal texnologiya rəqabətinə ciddi təsir göstərə və Trampın Pekinlə münasibətlərinin necə formalaşdıracağı barədə ilkin təəssürat yarada bilər.
Məşhur video platforması "TikTok" Çin-in ilk qlobal tətbiqi olaraq, ABŞ-yə məxsus "Instagram", "Facebook" və X kimi rəqiblərini geridə qoyub.
Tətbiqə Çinin sahibliyi onu ABŞ Konqresinin hədəfinə çevirən əsas səbəb olub. Buna görə ABŞ Konqresi 2024-cü ilin aprelində bilməyərəkdən yanlış informasiyanın yayılması (misinformation) və casusluq kimi milli təhlükəsizlik narahatlıqları ilə bağlı qanun qəbul edib.
"TikTok" "ByteDance"in Çin və Honq-Konq bazarında işləyən "Douyin" tətbiqinin beynəlxalq versiyasıdır. Ancaq "Douyin" tətbiqi Pekinin sərt senzura sisteminə tabedir.
Eyni zamanda, uğurlu bir biznesə çevrilən "TikTok"un populyarlığı və təsiri Pekin üçün qlobal səviyyədə fayda gətirib. "ByteDance" şirkətinin bu tətbiqdən imtina etməməsi həm tətbiqin alqoritminə verilən xüsusi qiyməti, həm də "TikTok"un Çinə məxsusluğunun əhəmiyyətini göstərir.
Trampın "TikTok"a həll yolu tapmaq üçün möhlət vermək qərarı ABŞ-nin daxili siyasətindən də qaynaqlansa da, bu addım onun Çin lideri Si Cinpin ilə münasibətlərinə də təsir göstərə bilər.
Yanvarın 17-də Tramp Si Cinpin ilə danışdığını və "TikTok" da daxil olmaqla, bir sıra mövzuları müzakirə etdiyini açıqlayıb.
"TikTok" izləyiciləri ilə bağlı məlumat toplayır?
"TikTok"un qadağan olunmasına səbəb olan məsələlər isə hələ də qüvvədə qalır.
Kibertəhlükəsizlik şirkətləri bu tətbiqin öz istifadəçiləri ilə bağlı geniş məlumat toplaya biləcəyini irəli sürür. Üstəlik, Çin 2017-ci ildə xaricdə yaşayan Çin vətəndaşlarını kəşfiyyat orqanları ilə əməkdaşlığa məcbur edən qanun qəbul edib.
Bu halların ictimai nümunələri azdır, lakin 2023-cü ildə bir britaniyalı jurnalistin məlumatları və onun yerinin "TikTok"un Çin və ABŞ-dəkı əməkdaşları tərəfindən izlənildiyi ortaya çıxıb. "ByteDance"in keçmiş əməkdaşının ABŞ məhkəməsinə təqdim etdiyi sənədlər isə 2018-ci ildə Çin Kommunist Partiyasının Honq-Konqda demokratiya tərəfdarları ilə bağlı informasiya toplamaq üçün şirkətin məlumatlarına daxil olduğunu göstərib.
Trampın bu qərarı onun Çinlə münasibətləri necə tənzimləyəcyinə dair ilkin işarə rolunu oynayır.
Trampın 2017–2021-ci illəri əhatə edən ilk prezidentlik dövrü Pekin və Vaşinqton arasında dərinləşən texnologiya yarışı fonunda Çinə qarşı sərt siyasəti və Çin şirkətlərini ölkə daxilində və xaricdə hədəfə alması ilə yadda qalıb.
Bu rəqabət hələ də davam etsə də, ən azından ikinci prezidentlik dönəminin ilk günlərində Tramp fərqli bir yanaşma sərgiləməyə çalışır.
"The Wall Street Journal" yanvarın 18-də yaydığı xəbərdə bildirib ki, D.Tramp vəzifəyə başladıqdan sonra ilk 100 gün ərzində S.Cinpin ilə görüşmək üçün Çinə səfər etməyi planlaşdırır. Nəşrin yazdığına görə, ABŞ-nin yeni seçilmiş prezidenti müxtəlif məsələlər ətrafında çinli həmkarı ilə danışıqlara açıq olduğunu bildirib.
Müsavat: Əlikram Xurşidova 10 sutka verilib
Yanvarın 19-da Müsavat Partiyasının fəalı Əlikram Xurşidovun Şirvan şəhər Məhkəməsinin qərarı ilə 10 sutka inzibati həbsə məhkum edildiyi bildirilir.
Bu barədə Müsavat Partiyasının açıqlamasında bildirilir.
Amma partiyadan onun İnzibati Xətalar Məcəlləsinin hansı maddəsi ilə təqsirləndirildiyini dəqiqləşdirə bilmədiklərini açıqlayıblar.
Müsavat Partiyasının bu məlumatını, hələlik, rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.
19 yanvar
Şirvan şəhərində Müsavat fəalının saxlandığı deyilir
Müsavat Partiyasının fəalı Əlikram Xurşidovun yanvarın 19-da gecə saatlarında Şirvan şəhərində yaşadığı evdə saxlandığı bildirilir. Bu barədə Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı məlumat verib. Onun deməsinə görə, Xurşidovun körpə uşaqlarının da olduğu evə 15-20 maskalı hücum edilib.
Məclis sədrinin sözlərinə görə, gecə saat 3 radələrində olan bu olaydan əvvəl onların yaşadığı ərazidə işıqlar söndürülüb.
Partiyadan bildirildiyinə görə, daha sonra Ə.Xurşidovun Şirvan şəhər Polis Şöbəsinə aparıldığı və orada işgəncəyə məruz qaldığı barədə məlumatlar yayılıb.
"Əvvəllər də şərlənərək həbs edilən Əlikram Xurşidov sosial mediada tənqidi yazıları ilə tanınan Müsavat fəalıdır. Onun, məhz bu səbəbdən saxlanması şübhəsizdir. Əlikram Xurşıdovun saxlanması ölkədə davam edən repressiya siyasətinin davamıdır", - A.Hacılı deyib.
Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan bu deyilənlərə münasibət almaq mümkün olmayıb.
Onun əvvəlki həbsi
Müsavat Partiyası Məclisinin üzvü, partiya başqanının müşaviri olan Ə.Xurşidov 2017-ci il noyabrın 22-dən həbs həyatı yaşayıb, siyasi məhbus sayılıb, 2019-cu il martın 17-də əfv sərəncamı ilə azad edilib. O, 5 il həbs cəzası almışdı. Xuliqanlıqda ittiham edilən müxalifətçi ittihamı qəbul etməyib.
Xatırlatma
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 300-dən çox siyasi məhbus var.
Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmir. Onların deməsinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.
20 Yanvardan 35 il keçir
Bu gün, yanvarın 20-də Azərbaycanda 20 Yanvar faciəsində həlak olan insanların anım mərasimləri keçirilir.
35 il öncə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ Silahlı Qüvvələri Bakıda qırğın törədib. Bu hadisələr nəticəsində 140-a yaxın şəxsin həlak olduğu, 700-dən çoxunun yaralandığı, mindən çox insanın isə həbs edildiyi bildirilir.
O vaxtdan hər il yanvarın 20-si Azərbaycanda faciə qurbanlarının anım mərasimləri keçirilir. Həmin hadisələrdə həlak olanlar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizlər kimi dəyərləndirilir.
Bayramov USAID-in Azərbaycanda fəaliyyətinin dayandırıldığını bildirib
"ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyəti 2024-cü il iyunun 1-dən etibarən de-yure dayandırılıb". Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 16-da mətbuat konfransında bildirib.
C.Bayramov deyib ki, USAID-in Azərbaycanda yardımları ABŞ-nin mənafeyi üçün edilirdi: "Buna görə də biz ABŞ ilə sazişlərə xitam verilməsini, USAID-in layihələrinin dayandırılmasını tələb etdik".
USAID Azərbaycan xalqını dəstəkləməyə sadiq olduğunu bildirir
USAID nazir C.Bayramovun qurumun Azərbaycanda fəaliyyətinin dayandırılması ilə bağlı fikrinə münasibət bildirib.
AzadlıqRadiosunun sorğusuna cavab olaraq USAID-in mərkəzi ofisinin mətbuat xidmətindən bildirilib ki, agentlik Azərbaycan xalqına dəstək verməyə sadiq qalır.
"Üç onillikdən çoxdur ki, USAID Azərbaycan xalqı ilə birgə iqtisadi imkanların təşviqi, yerli səhiyyə sistemlərinin gücləndirilməsi və vətəndaşların ictimai həyata daha fəal cəlbi yönündə çalışıb. Biz Azərbaycan xalqına dəstək verməyə, regional sülhün təmin olunması və iqtisadi inteqrasiya istiqamətində işləməyə sadiqik", - USAID-in cavabında bildirilib.
Daha öncəki iddialar
XİN-dən bundan əvvəl də USAID-in layihələri ilə bağlı tənqidlər səslənmiş, bu layihələrin şəffaf olmadığını, Azərbaycanın maraqlarına cavab vermədiyini iddia etmişdi. Bu tənqidlər, əsasən, 2023-cü ilin sonunda, rəsmi Bakının Qarabağda birgünlük əməliyyatla ərazi bütövlüyünü bərpa etməsindən sonra başlayıb. Onda USAID-in rəhbəri Samanta Pauer demişdi ki, həmin əməliyyat nəticəsində "yüz mindən çox insan evlərini tərk etməyə, qonşu Ermənistana köçməyə məcbur olub".
2023-cü ilin noyabrında ABŞ Dövlət Departamenti Azərbaycan XİN-in USAID ilə bağlı ittihamlarına cavab vermişdi: "USAID-in yardım layihələri ilə bağlı bu cür ittihamlar yalandır və bizim yardımın məqsədini kökündən yanlış xarakterizə edir. Hər zaman olduğu kimi, bizim köməyimiz şəffafdır. Bütün USAID proqramları azad və dinc cəmiyyətlərə yönəlmiş demokratik dəyərləri təbliğ edir".
Son illər ABŞ və Azərbaycan arasında bir növ "soyuq küləklər əsib". Okeanın o tayından Azərbaycanda ictimai fəalların, jurnalistlərin həbsindən narahatlıq ifadə edilib, rəsmi Bakı isə bunu onların daxili işinə qarışmaq kimi dəyərləndirib.
Azərbaycan prezidenti İlham Əliyev isə son müsahibələrində ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla bağlı ümidlə danışıb, ABŞ ilə münasibətlərin strateji səviyyəyə çatdırıla biləcəyini deyib.
Rusiya və İran Qərbin sanksiyaları fonunda yeni saziş imzalayıb
Rusiya prezidenti Vladimir Putin və iranlı həmkarı Məsud Pezeşkian iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında müqavilə imzalayıblar.
Son vaxtlar iki ölkə onlara qarşı sərt beynəlxalq sanksiyalar fonunda əməkdaşlığı dərinləşdirib. Tehrana qarşı məhdudiyyətlər onun nüvə və raket proqramlarına görə qüvvədədir; Rusiya Ukraynaya qarşı təcavüzkar müharibəyə və 2014-cü ildə Krımın ilhaqına görə ABŞ, Böyük Britaniya, Avropa Birliyi və bir sıra digər ölkələrin sanksiyaları altındadır.
V.Putin cümə günü Moskvada imzalanan sazişi "sıçrayış" adlandırıb. O, münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırmaq niyyətini açıqlayıb. "Sənəd Rusiya, İran və bütün Avrasiya regionumuzun sabit və dayanıqlı inkişafı üçün lazımi şəraitin yaradılmasına yönəlib", - Putin bildirib.
Pezeşkian, öz növbəsində, Rusiya ilə bu razılaşmanın ikitərəfli münasibətlərdə, xüsusən də ticarətdə "yeni səhifə" açdığını söyləyib.
Rusiya və İran rəsmiləri deyirlər ki, hərtərəfli tərəfdaşlıq sazişi elm, təhsil və mədəniyyətdən tutmuş, ticarət və hərbi əməkdaşlığa qədər bütün sahələri əhatə edir. Müqavilənin üçüncü maddəsində göstərilir ki, "tərəflərdən biri təcavüzə məruz qalsa, digəri təcavüzkara heç bir yardım göstərməməlidir".
İran prezidentinin Rusiyaya səfəri Donald Trampın ABŞ prezidenti kimi andiçmə mərasimindən üç gün əvvəl baş tutub. O, Ukraynada sülhün tezliklə bərqərar olmasına yardım etmək niyyətini bildirib. Tramp habelə artan iqtisadi problemlərlə və digər çağırışlarla, o cümlədən hərbi uğursuzluqlar, bunun Yaxın Şərqdə nəticələri ilə mübarizə aparan Tehrana qarşı daha sərt mövqe tutacağına söz verib.
Kremlin sözçüsü Dmitri Peskov bundan əvvəl Pezeşkianın Rusiyaya səfəri ilə Trampın andiçmə mərasimi arasında hər hansı əlaqə olduğunu təkzib etmişdi.
Cümə günü Moskvada Rusiya ilə ikitərəfli saziş imzaladıqdan sonra Pezeşkian bunun Yaxın Şərqdəki münaqişənin həllinə töhfə verəcəyini qeyd edib. "İnanıram ki, imzaladığımız bu saziş xüsusilə regionumuzda sabitliyin bərqərar olmasına kömək edəcək. Biz dialoq aparmağa və bütün maneələri aradan qaldırmağa qadirik", - TASS Pezeşkiandan sitat gətirir.
Rusiya və İran bundan əvvəl prezident Bəşər Əsədin başçılıq etdiyi Suriya hökumətini dəstəkləmək üçün güclərini birləşdirmişdilər. Lakin ötən ilin dekabrında Əsəd əleyhdarlarının ildırımsürətli hücumu zamanı onun rejiminin süqutunun qarşısını ala bilmədilər. O, ailəsi ilə birlikdə Rusiyaya qaçdı.
Putin İran prezidentini qəbul edərkən deyib ki, "Suriyanın gələcəyini inklüziv dialoq yolu ilə suriyalıların özləri müəyyənləşdirməlidir".
Əsəd rejimi uzun illər Moskva və Tehranın hərbi və siyasi dəstəyinə arxalanıb. İndi ekspertlər qeyd edirlər ki, Moskva və Tehran Dəməşqdə iflasa görə açıq şəkildə bir-birini günahlandırmağa başlayıb və Suriyadakı hadisələr son vaxtlar iki ölkə arasında yaranan fikir ayrılıqlarını daha qabarıq göstərib.
'ToplumTV işi'ndə Fərid İsmayılov da həbs edildi
"ToplumTV işi" üzrə daha bir jurnalist həbs olunub. Ötən ilin martında saxlanılıb daha sonra barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilən Fərid İsmayılov bu gün, yanvarın 17-də Xətai rayon Məhkəməsinin qərarı ilə həbs olunub.
Vəkil Zibeydə Sadiqova bildirib ki, onun barəsində 2 ay 20 gün müddətində həbs-qətimkan tədbiri seçilib: "Bəhanə kimi qeyd etdilər ki, Fərid müxtəlif rayonlara gedirdi, amma bu barədə polisə məlumat vermirdi, ittihamlar ağırdır və qətimkan tədbiri dəyişməlidir. Halbuki, Fərid həftədə üç dəfə polisə gedib qol çəkirdi".
Z.Sadıqova qeyd edib ki, F.İsmayılov özünü təqsirli bilməyib: "O, jurnalistika fəaliyyətinə görə həbs olunduğunu bildirib. Eyni zamanda, Fərid səhhətində problemlərin olduğunu, əməliyyat keçirdiyini da deyib, amma təəssüf ki, bu, nəzərə alınmadı".
İttihamlar ağırlaşdırıldı
"Toplum" İnternet Televiziyasının işi üzrə ittiham olunan şəxslərin ittihamının ağırlaşdığı bildirilir.
Bu barədə müdafiə tərəfi məlumat verib.
Verilən məlumata görə, onlara qarşı Cinayət Məcəlləsinin 162-1.1 (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 192.3.2 (xüsusilə küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (...xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) və 213.2.1 (Vergiləri,... ödəməkdən yayınma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.
Əvvəlki ittihamlarla şəxsə 8 ilədək həbs verilə bilərdisə, indi cəza müddəti 12 ilə çata bilər.
Müdafiə tərəfi vurğulayıb ki, sözügedən ittihamlarla razılaşmırlar və bu ittihamlar üçün prosessual əsas yoxdur.
Həbs olunan şəxslər özlərini təqsirli bilmirlər və həbsini fəaliyyətləri ilə əlaqələndirirlər.
Hələlik, bu məlumata istintaqı aparan Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
Bundan əvvəl "ToplumTV işi" üzrə həbs olunanlar 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilirdi.
Bu iş üzrə bu vaxta qədər həbs edilənlər III Respublika Platformasının spikeri Akif Qurbanov, qurumun üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun üzvləri Ramil Babayev, İlkin Əmrahov, Əli Zeynal, habelə ToplumTV-nin təsisçi Ələsgər Məmmədli və redaktoru Müşfiq Cabbardır.
Xatırlatma
Ümumilikdə 2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 300-dən çox siyasi məhbus var.
Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmir. Onların deməsinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.
'MeydanTV işi' üzrə həbs olunan jurnalistlərin şikayəti təmin edilməyib
"Meydan" televiziyası ilə əməkdaşlıq etdiyi bildirilən jurnalistlərdən Aynur Qəmbərova (Elgünəş) və Natiq Cavadlının həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı vəsatəti təmin olunmayıb.
Vəkil Elçin Sadıqovun verdiyi məlumata görə, müdafiə tərəfindən verilmiş vəsatət yanvarın 17-də Xətai rayon Məhkəməsində baxılıb.
Vəkil qeyd edib ki, məhkəmədə A.Qəmbərova jurnalist fəaliyyətinə görə həbs olunduğunu deyib və həbsini siyasi motivli adlandırıb.
E.Sadıqov bildirib ki, məhkəmə qərarından apellyasiya şikayəti veriləcək.
Ötən il dekabrın 8-də Xətai rayon Məhkəməsində "MeydanTV işi" ilə bağlı saxlanılanların məhkəmə prosesi keçirilib. Məhkəmə Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova, Ramin Cəbrayilzadə (Deko) və Ülvi Tahirov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. Onlar Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxs tərəfindən əlbir törədildikdə) maddəsi ilə ittiham olunurlar.
Jurnalistlərin hamısı "qaçaqmalçılıq" ittihamını rədd edib və cinayət işini jurnalist fəaliyyətləri ilə əlaqələndiriblər. Onlar dekabrın 6-da saxlanmışdılar.
Xatırlatma
Ümumilikdə 2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər. Sonradan onlardan bir çoxunun ittihamı ağırlaşdırılıb.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 300-dən çox siyasi məhbus var.
Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir. Onların deməsinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.
Aleksey Navalnının keçmiş vəkilləri həbs olunub
Rusiyanın Vladimir vilayətinin məhkəməsi yanvarın 17-də mərhum müxalifət lideri Aleksey Navalnının keçmiş vəkilləri - Vadim Kobzev, Aleksey Liptser və İqor Serquninin həbsi barədə hökm elan edib.
Vəkillər Kremlin sərt tənqidçisi, müxalifət lideri Navalnının həbsxanadan çıxardılan yazışmalarını daşıdıqları üçün azadlıqdan məhrum ediliblər.
Navalnının yazıları sosial şəbəkələrdə diqqətə yetirilib və onun 36 ölkədə 26 dildə nəşr olunan "Patriot" adlı xatirələri üçün əsas olub. Məhkəmənin fikrincə, vəkillər yazışmaların ötürülməsinə kömək etməklə ekstremist təşkilata qatılıblar. Məhkəmə müəyyən edib ki, məktublar Navalnıya "ekstremist icmanın lideri və direktoru" funksiyalarını yerinə yetirməsini davam etdirməyə imkan verib.
Rusiya hakimiyyəti 2021-ci ildə Navalnının regional qərargahlar şəbəkəsini "ekstremist təşkilat" sayaraq onun Rusiyada fəaliyyətini yasaqlamışdı.
Məhkəmənin hökmünə görə, Kobzevə 5 il 6 ay, Liptserə 5 il, təqsirini boynuna alan Serquninə isə 3 il 6 ay həbs cəzası verilib. Hər üç vəkil 2023-cü ilin oktyabrından bəri istintaq təcridxanasında saxlanılır.
Eyni ittihamlar üzrə Navalnının digər iki vəkilinə - Olqa Mixaylova və Aleksandr Fedulova qarşı həbs orderləri çıxarılsa da, onlar saxlanılmazdan öncə ölkədən çıxa biliblər.
Böyük cinayətlərdə suçlanan şəxsləri müdafiə edən "Pervıy Otdel" (Birinci Bölmə) hüquq birliyi "Telegram" kanalında vəkillərin həbsi ilə bağlı hökmü "qanunsuz siyasi təqib" adlandırıb. "Müdafiə əməkdaşlıq deyil! Vəkillər müştərilərinin tərəfdaşları və ya şərikləri deyil, onlar Konstitusiya ilə təsbit edilmiş müdafiə hüququnu təmin edirlər... Bu, hüququn əsas prinsiplərinin qaba şəkildə pozulmasıdır", - təşkilatın vurğulamasıdır.
Ötən ilin fevralında Putinin ən tanınmış tənqidçisi A.Navalnı Sibir həbsxanalarının birində şübhəli ortamda vəfat edib.
Paşinyan Putinə zəng edib
Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Ermənistan Baş naziri Ofisinin yaydığı məlumata görə, tərəflər Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) sədrliyinin nəticələri, İttifaq çərçivəsində qarşıdan gələn tədbirlər, həmçinin Ermənistan-Rusiya ikitərəfli münasibətləri ilə bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Kremlin saytında isə bildirilib ki, telefon danışığı Ermənistan hökumət başçısının təşəbbüsü əsasında baş tutub.
"Nikol Paşinyan Ermənistanın Avropa İttifaqı ilə münasibətləri kontekstində atdığı son addımlarla bağlı vəziyyəti izah edib. Rusiya lideri isə bu məsələ ətrafında müvafiq şərhlərini və qiymətləndirmələrini qarşı tərəfə təqdim edib", - Kremlin saytında bildirilir.
Ermənistan 2024-cü ildə Avrasiya İqtisadi İttifaqına sədrlik edib. Yanvarda sədrlik Yerevandan Minskə keçib.
Hökumət ötən həftə Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyü prosesinin başlanmasına dair qanun layihəsini təsdiqləyib. N.Paşinyan bəyan edib ki, qanun layihəsinin qəbulu Aİ-yə üzvlük demək deyil. "Bu məsələ ilə bağlı referendumun keçirilməsi zəruridir", - o bildirib.
Rəsmi Moskva isə Yerevanın bu qərarına cavab olaraq xatırladıb ki, Avrasiya İqtisadi İttifaqına üzvlük Ermənistanın Avropa İttifaqına daxil olmaq istəyi ilə bir araya sığmır.
"İki struktur fərqli prinsiplər üzərində işləyir, onlar fərqli azad ticarət zonalarıdır", - Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
İmran Xan 14 il həbsə məhkum edilib
Pakistanda məhkəmə korrupsiya işi üzrə keçmiş baş nazir İmran Xan və onun xanımı Buşra Bibi barədə hökm çıxarıb.
Pakistanın eks-baş naziri korrupsiya ittihamını rədd edir.
Məhkəmənin qərarı ilə İ.Xan 14 il, B.Bibi isə 7 il azadlıqdan məhrum edilib.
Hər ikisi İ.Xan hakimiyyətdə olarkən çirkli pulların yuyulması müqabilində biznes-maqnatı Malik Riazdan torpaq hədiyyə almaqda təqsirli biliniblər. İttiham tərəfi bu korrupsiya işi üzrə ümumi məbləğin 190 milyon Britaniya funt sterlinqi (240 milyon ABŞ dolları) olduğunu iddia edir.
72 yaşlı keçmiş kriket ulduzu və siyasətçi İ.Xan 2018-2022-ci illərdə Pakistanın baş naziri olub. O, bir ildən çoxdur ki, həbsdədir. 150-dən çox cinayət ittihamı ilə üzləşsə də, İ.Xan Pakistan xalqı arasında böyük populyarlığa malikdir.
O və Təhrik-e-İnsaf (PTI) partiyası bu cinayət işlərinin siyasi motivli olduğunu bəyan ediblər.
AXCP: İki üzvümüz həbs edilib, birindən xəbər yoxdur
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) bildirir ki, yanvarın 15-də saxlanan iki üzvü inzibati qaydada həbs olunub.
Partiyadan AzadlıqRadiosuna verilən məlumata görə, Lənkəran şöbəsinin üzvü Ramil Eynəliyev və Xəzər şöbəsinin fəalı Əlisahib Kərimov 30 sutka müddətinə inzibati qaydada həbs olunublar: "Onların rəsmən nədə ittiham olunduqları, hələlik, bəlli deyil".
AXCP-dən habelə qeyd ediblər ki, həbslərin əsl səbəbi fəalların siyasi fəaliyyəti və sosial şəbəkələrdə yazdıqları tənqidlərdir: "Yanvarın 15-də saxlanan Ordubad şöbəsinin üzvü Əsgər Ağasoy barəsində isə dəqiqləşdirmə apara bilməmişik".
Bu məlumatlara Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.
Xatırlatma
Müxalifətdə olan AXCP-nin bir çox üzvləri vaxtaşırı əsasən polisin qanuni tələbinə əməl etməmək, xuliqanlıq ittihamları ilə inzibati qaydada həbs edilirlər. AXCP-nin hazırda 12 üzvü isə uzunmüddətli həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs edildiyini açıqlayıb.
Bəzi yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, hazırda Azərbaycan həbsxanalarında 300-dən çox siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.
Ancaq beynəlxalq insan haqları qrupları da hökuməti haqsız tutulanları azad etməyə çağırır.
Belarus hakimiyyəti AzadlıqRadiosunun həbsdə olan jurnalisti haqqında film göstərib
Belarusun ONT dövlət televiziya kanalı AzadlıqRadiosunun ölkə həbsxanalarında saxlanılan jurnalistləri haqqında propaqanda filminin ikinci hissəsini yayımlayıb.
Bu dəfə AzadlıqRadiosunun Belarus xidmətinin həbsdə olan digər jurnalisti İqar Losik hədəf olub. Artıq iki ilə yaxın idi ki 32 yaşlı Losikdən heç bir xəbər yox idi.
Özünü təqsirsiz hesab edən AzadlıqRadiosu əməkdaşı 2020-ci ilin iyununda saxlanılıb və 2021-ci ilin dekabrında "kütləvi iğtişaşlar təşkil etmək, kütləvi iğtişaşlarda iştirak, sosial ədavəti qızışdırmaq" və məlum olmayan bir sıra digər ittihamlar üzrə məhkum edilib. Onun məhkəməsi 2020-ci il iyunun 25-də qapalı baş tutub.
AzadlıqRadiosu, insan hüquqları təşkilatları və xarici hökumətlər Losikə qarşı irəli sürülmüş bütün ittihamları siyasi motivli adlandırıblar.
Jurnalistin ailəsi onun son məktubunu 2023-cü ilin fevralında alıb. Həmin vaxtdan keçən bu müddət ərzində İ.Losikdən xəbərin olmaması onun vəziyyəti ilə bağlı narahatlıq doğurub.
Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) Minskdəki istintaq təcridxanasında qeydə alınan kadrlarda Losik çox arıq və zəif görünür.
25 dəqiqəlik filmdə Losik müsahibə verib, lakin AzadlıqRadiosu həbsdə olan şəxslərdən naməlum şəraitdə alınan ifadələrə istinad etmir.
İnsan haqları qruplarının məlumatına görə, Losik saxlandığı vaxtdan bəri iki dəfə uzunmüddətli aclıq aksiyası keçirib və etiraz əlaməti olaraq iki dəfə əllərini və boynunu kəsərək özünə xəsarət yetirib.
Losikin həyat yoldaşı Darya "Belsat" agentliyinə 2023-cü ilin yanvarında verdiyi müsahibəyə görə 2 il müddətinə azadlıqdan məhrum edilib. Belarus Polşada yerləşən bu xəbər agentliyini "ekstremist qrup" elan edib. Daryaya bu müsahibəyə görə "ekstremist fəaliyyətə yardım etmək" ittihamı irəli sürülüb. O, 2024-cü ilin iyulunda kütləvi amnistiya çərçivəsində azad edilib.
İ.Losik AzadlıqRadiosunun Belarus xidmətinin həbsdə olan üç jurnalistindən biridir. Digər iki jurnalist - Andrey Kuzneçik və Vladislav Yesipenko da jurnalist fəaliyyətlərinə görə həbsdədirlər.
Bayden Amerikada 'oliqarxiya' təhlükəsindən bəhs edir
Yanvarın 15-də xalqa vida müraciətində ABŞ prezidenti Co Bayden Amerikada çox zəngin bir azlığın güc və nüfuzunun artdığını və bunun demokratiya üçün təhlükə yaratdığını bildirib. Prezident bu vəziyyəti "təhlükəli oliqarxiya" kimi xarakterizə edib.
"Azsaylı zəngin insanların əlində gücün təhlükəli dərəcədə cəmləşməsindən narahatam", - Bayden Ağ evdən etdiyi çıxışında deyib. Onun sözlərinə görə, sərvətin bir qrup şəxsin əlində cəmləşməsi təkcə demokratiyaya deyil, həm də əsas hüquq və azadlıqlara, eləcə də hər kəsin qabağa getməsi üçün "ədalətli şans" haqqına təhlükədir.
Prezidentlik müddəti başa çatan C.Bayden yanvarın 20-də postunu tərk edəcək. Dünyanın ən varlı adamı – "Tesla" və "SpaceX"in baş icraçı direktoru İlon Mask və digər ultrazəngin şəxslərin dəstəklədiyi milyarder Donald Tramp həmin gün and içərək 47-ci ABŞ prezidenti kimi vəzifələrinin icrasına başlayacaq.
Trampın sərt sağçı siyasətinə dəstək verən İ.Mask keçən il Trampın prezidentlik kampaniyasına on milyonlarla dollar sərf edib. Maskla yanaşı, ABŞ-nin daha iki tanınmış milyarderinin – "Amazon"un qurucusu Ceff Bezos və "Facebook"un həmtəsisçisi, "Meta"nın baş direktoru Mark Zukerberqin də Trampın andiçmə mərasimində iştirak edəcəyi gözlənilir.
Bayden: Azad mətbuat zəifləyir, amerikalılar dezinformasiya axını altında əzilir
Bayden xalqa müraciətində vəzifədə olduğu ilk iki il ərzində əldə olunan nailiyyətləri qeyd edib. O, ölkəni koronavirus pandemiyasından çıxarmaq, daxili istehsalı dəstəkləmək və reseptlə verilən dərmanların qiymətlərinin məhdudlaşdırması kimi fəaliyyətləri vurğulayıb. Lakin prezident Bayden qeyd edib ki, ABŞ dəyərləri "davamlı olaraq sınaqdan keçirilir". O, "texnoloji sənaye kompleksi"nin yüksəlişi, süni intellektin gələcəyi ilə bağlı potensial təhlükələr barədə xəbərdarlıq edib: "Amerikalılar hakimiyyətdən sui-istifadəyə şərait yaradan dezinformasiya və yanlış məlumatların axını altında əzilir. Azad mətbuat zəifləyir. Redaktorlar yoxa çıxır. Sosial media fakt yoxlanışından imtina edir. Həqiqət həm hakimiyyət uğrunda, həm də mənfəət naminə yalanlarla boğulur".
ABŞ prezidentinin sözlərinə görə, bu meyllərin qarşısını almaq üçün sosial media platformaları Amerika uşaqlarını, ailələrini və demokratiyanı hakimiyyətdən sui-istifadədən qorumaq üçün məsuliyyət daşımalıdır.
Bayden çıxışında süni intellektin (AI) fürsətlərinə və risklərinə toxunub. O deyib ki, süni intellekt problemlərin həllinə və hətta xərçəngin müalicəsini tapmağa kömək edə biləcək "zəmanəmizin, bəlkə də, bütün zamanların ən əhəmiyyətli texnologiyasıdır". Lakin əlavə edib ki, süni intellekt "hüquqlarımıza, həyat tərzimizə, məxfiliyimizə, necə işlədiyimizə və ölkəmizi necə qoruduğumuza yeni təhlükələr yarada bilər".
"O, təhlükəsiz, etibarlı və bütün bəşəriyyət üçün faydalı olmalıdır", -deyən Baydenin vurğulamasına görə, "Çin deyil, azadlıq ölkəsi Amerikanın süni intellektin inkişafında dünya lideri olması indi həmişəkindən daha vacibdir".
Lənkəranda balıqçılar itkin düşüb
Lənkəran rayonunun Siyavar kəndinin iki sakininin itkin düşdüyü bildirilir. Kənd sakinlərinin AzadlıqRadiosuna deməsinə görə, onlar yanvarın 13-də səhər saat 8-də balıq tutmaq məqsədilə Xəzər dənizinə çıxıblar, bir daha geri qayıtmayıblar.
Yerli saytlarda rəsmi qurumlara istinadla yayılan məlumatlara görə, sahil mühafizə hissəsinin əməkdaşları balıqçıların axtarışını davam etdirirlər. Dünən, yanvarın 15-dən axtarışlara helikopter də cəlb olunduğu bildirilir.
"Hava dumanlı olub"
Lənkəranın Siyavar kəndi dəniz kənarında yerləşir. Kənd sakinlərinin əsas məşğuliyyətlərdən biri də balıqçılıqdır. Dənizə yaxın olan ailələrin çoxunun çörəyinin balıqçılıqdan çıxdığı deyilir.
Kənd sakinlərin vurğulamasına görə, itkin düşən balıqçıların dənizə çıxdığı gün hava mülayim olsa da, dumanlı olub.
Adının çəkilməsini istəməyən bir kənd sakininin sözlərinə görə, əvvəllər də oxşar hadisələr baş verib: "Sovet dövründə balıqçıların itkin düşməsi hadisəsi tez-tez baş verərdi. Adətən fırtına balıqçıları İran ərazisinə aparardı. Bu dəfə fırtına olmayıb. Dəniz bir aya yaxındır ki, "laldır". İndi dənizdən, əsasən, kütüm balığı çıxır. Yerli sakinlər də, əsasən, kütüm yeyirlər. Yaxında balıq az çıxır...".
Artıq bir neçə gündür bu olayla bağlı kənd sakinlərinin gecə-gündüz dəniz kənarında keşik çəkdikləri deyilir.