"ToplumTV işi" adlandırılan cinayət işi üzrə təqsirləndirilən şəxslərin ittihamının ağırlaşdırıldığı, istintaqın artıq yekunlaşmaq üzrə olduğu bildirilir. Həmin cinayət işinə "Toplum" İnternet Televiziyasının, Demokratik Təşəbbüslər İnstitutunun, habelə III Respublika Platforması təşəbbüsünün bəzi əməkdaş və təmsilçilərinin həbsi daxildir. Müdafiə tərəfinin məlumatina görə, onlara Cinayət Məcəlləsinin 162-1.1 (Əmək müqaviləsi olmadan işçilərin cəlb edilməsi), 192.3.2 ( küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (...xeyli miqdarda), 206.4 (mütəşəkkil dəstənin qaçaqmalçılığı) və 213.2.1 (Vergiləri,... ödəməkdən yayınma ) maddələri ilə yeni ittihamlar irəli sürülüb. Əvvəl "ToplumTV işi" üzrə həbs olunanlar 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilirdi. Əvvəlki ittihamlarla şəxslərə 8 ilədək həbs verilə bilərdisə, indi cəza müddəti 12 ilə çata bilər.
Ondan əvvəl isə "AbzasMedia işi"ndə də həbs edilənlərin ittihamları ağırlaşdırılmışdı. Onlar da qaçaqmalçılıqda ittiham edilirlər.
"İttihamlar müstəqil mediaya və vətəndaş cəmiyyətinə yönəlib"
İndi "ToplumTV işi" üzrə təqsirləndirilən şəxslərin vəkilləri hesab edirlər ki, nə ilkin, nə də indiki ittihamlar üçün maddi və hüquqi əsas var. III Respublika Platformasının həbsdə olan spikeri Akif Qurbanovun vəkili Şəhla Hümbətova deyir ki, müvəkkili ona irəli sürülən heç bir ittihamı qəbul etmir: "Akif Qurbanov hesab edir ki, ona qarşı irəli sürülən bütün ittihamlar hüquqi yox, siyasi xarakterlidir və ittihamlar üçün heç bir əsas yoxdur. Onun fikrincə, bu cinayət işi üzrə ittihamlar müstəqil mediaya və müstəqil vətəndaş cəmiyyətinə yönəlib".
Vəkil qeyd edib ki, bu iş üzrə təqsirləndirilən şəxslər barəsində heç bir əsas olmadan həbs--qətimkan tədbiri seçilib və onlar artıq 10 aydır həbsdə saxlanılırlar: "Baxmayaraq ki, dəfələrlə ev dustaqlığı ilə bağlı əsaslı vəsatətlər vermişik. Heç bir əsas olmadan onların həbsdə saxlanması göstərirdi ki, bu iş istintaqa hüquqi baxımından maraqlı deyil. Qanunsuz sahibkarlıq kimi yeni ittihamlar isə hüquqi baxımından absurddur və heç bir hüquqi əsasları yoxdur".
Deputat: "Qarşılıqlı anlaşma olmalıdır"
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc "Turan"a bildirib ki, 2010-cu ildən sonra Qərb dairələrinin donor mənbələri üzərindən istənilən ölkənin daxili işlərinə müdaxilələri, üçüncü sektoru, siyasi partiyaları maliyyələşməyi alət kimi seçmələri və özlərinin təsir agentləri kimi formalaşdırmaları fonunda Azərbaycanın qanunvericilik sistemində müəyyən qədər sərtləşmələr baş verdi: "Bu proseslərə USAID-in misalında baxsaq, görəcəyik ki, Azərbaycan dövləti əməkdaşlıq etmək istədiyi istiqamətləri bəyan edincə, həmən ABŞ tərəfi məsələyə razılıq vermir, sərt ittihamlara keçir. Əgər məqsəd Azərbaycan xalqına hərtərəfli kömək etməkdirsə, burada mütləq qarşılıqlı anlaşma olmalıdır".
Bugünlərdə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) barədə oxşar fikirləri Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov da dilə gətirmişdi. O demişdi ki, USAID-in Azərbaycanda yardımları ABŞ-nin mənafeyi üçün edilirdi: "USAID-in fəaliyyəti 2024-cü il iyunun 1-dən etibarən de-yure dayandırılıb".
AzadlıqRadiosunun sorğusuna cavab olaraq USAID-in mərkəzi ofisinin mətbuat xidmətindən bildirilib ki, agentlik Azərbaycan xalqına dəstək verməyə sadiq qalır: "Üç onillikdən çoxdur ki, USAID Azərbaycan xalqı ilə birgə iqtisadi imkanların təşviqi, yerli səhiyyə sistemlərinin gücləndirilməsi və vətəndaşların ictimai həyata daha fəal cəlbi yönündə çalışıb. Biz Azərbaycan xalqına dəstək verməyə, regional sülhün təmin olunması və iqtisadi inteqrasiya istiqamətində işləməyə sadiqik".
"Bu, konsensusa gəlməyə səbəb ola bilərdi"
Deputat Z.Oruc habelə qeyd edib ki, qanunvericilik sistemi sərtləşdiriləndən sonra xaricdən dolayı yollarla vəsaitlərin alınması qaçaqmalçılıq kimi dəyərləndirilib: "Eyni zamanda paralel olaraq həm də vergidən yayınma kimi vəziyyət meydana çıxdı. Əksər hallarda Qərbin ölkəmizlə bağlı planları Gürcüstan üzərindən gerçəkləşirdi".
Komitə sədrinin fikrincə "ToplumTV işi"ndə əlavə maddələr seçilibsə, qarşı tərəf bununla bağlı müəyyən bir izahlara malikdir: "O cümlədən vəkil mövqeyi var. Sözügedən qüvvələrlə bağlı beynəlxalq müdafiə sistemləri də çoxdur. Ancaq bunların mövqeləri elə olsa ki, "hazırkı qanunun müəyyən müddəalarını pozmuşuq, ancaq bu, vətənə xəyanət deyil", yaxud da "vergidən yayınma məqsədlərimiz yalnız məcburi qaydada pulun nağdlaşdırılması və ölkəyə gətirilməsi üzərində qurulub", məncə bu, konsensusa gəlməyə, çox da sərt olmayan bir hökmə səbəb ola bilərdi".
Onun sözlərinə görə, media vasitələrinin cəzalanması Azərbaycan dövlətinin hədəfində heç vaxt dayanmayıb.
"Müstəqil mediadan əsər-əlamət belə qalmayıb"
Hüquqşünas, hüquq müdafiəçisi Asif Yusifli isə hesab edir ki, ölkədə vətəndaş cəmiyyətinin, azad mətbuatın son qalıqlarının ləğvi prosesi gedir. "Həm "AbzasMedia", həm ToplumTV, həm MeydanTV, habelə "Kanal 13" və "Kanal 11"in jurnalistlərinin kütləvi surətdə həbs olunması onu deməyə əsas verir ki, artıq ölkədə müstəqil mediadan əsər-əlamət belə qalmayıb", - A.Yusifli AzadlıqRadiosuna deyib.
Ekspertin sözlərinə görə, vətəndaş cəmiyyəti və siyasi partiyalarla da eyni vəziyyətdir: "Həm siyasi partiyalarının aparıcı funksionerləri, həm vətəndaş cəmiyyətinin aparıcı simaları, həm də hüquq müdafiəçiləri kütləvi surətdə həbsə məruz qalır".
Onun fikrincə, bu işlər üzrə aparılan bütün istintaq hərəkətləri, irəli sürülən ittihamlar tamamilə qanunsuzdur: "Bunların heç bir hüquqi əsası yoxdur. Heç bir qaçaqmalçılıqdan söhbət gedə bilməz. Ölkədə elə bir siyasi sistem formalaşdırılıb ki, baş verən cinayətlərə əhəmiyyət verilmir, amma heç bir günahı olmayan, sadəcə insanları müstəqil surətdə informasiya ilə təmin etdiyinə görə jurnalistlər həbs olunur".
Xatırlatma
Ümumilikdə 2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30 civarında jurnalist, ictimai fəal, əsasən, qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 300-dən çox siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmir. Onların deməsinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.