Keçid linkləri

2025, 22 Yanvar, çərşənbə, Bakı vaxtı 15:12

Məhkəməsi gedən Qarabağ separatçıları ev dustaqlığına buraxılmaqdan ötrü vəsatət qaldırıblar


Qarabağ separatçılarının məhkəməsi başlayıb. Yerevanda etiraz aksiyası keçirilib
Gözlə

No media source currently available

0:00 0:01:53 0:00

Qarabağ separatçılarının məhkəməsi başlayıb. Yerevanda etiraz aksiyası keçirilib

Bakıda həbsdə olan Qarabağ separatçıları – "Dağlıq Qarabağ Respublikası"nın "prezident"i olmuş Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, keçmiş "xarici işlər naziri" Davit Babayan, "parlament sədri" Davit İşxanyan və digərlərindən ibarət 15 nəfərin işi üzrə məhkəmənin hazırlıq iclası yanvarın 21-də davam etdirilib. Onların işinə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev və bu məhkəmənin daha iki hakimindən ibarət kollegiya baxır.

Məhkəmədə təqsirləndirilən şəxslərin vəkilləri hökm çıxarılanadək onların ev dustaqlığına buraxılması haqda vəsatət qaldırıblar. Ancaq zərərçəkmişlər və prokuror buna etiraz ediblər.

AZƏRTAC-ın xəbərinə görə, təqsirləndirilənlərdən A.Harutyunyan özünün, yaxud vəkilinin belə bir vəsatət vermədiyini deyib.

Ev dustaqlığına buraxıb-buraxmamaq məsələsinə dair məhkəmənin qərarı yanvarın 27-də keçiriləcək növbəti iclasda bilinəcək.

Bu cinayət işi üzrə zərərçəkmiş qismində tanınan şəxslərin sayı yarım milyon nəfərdən çoxdur. Onlar Qarabağ savaşında yaşamını itirənlərin hüquqi varisləri, xəsarət alanlar, məcburi köçkünlər və başqa şəxslərdir. Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov da məhkəməyə zərərçəkmiş qismində qatılır.

Bakı Məhkəmə Kompleksi
Bakı Məhkəmə Kompleksi
17 yanvar

Qarabağ separatçılarının liderlərinin məhkəməsi başlayıb

Məhkəmə prosesi Bakının Suraxanı rayonundakı Hövsan qəsəbəsində yeni tikilmiş məktəb binasında keçirilir. Bu da güvənlik və iş üzrə zərərçəkmişlərin sayı baxımından, prosesə qatılanların çoxluğuyla izah edilir.

Məhkəmə prosesinə mediadan yalnız AzTV və AZƏRTAC dövlət agentliyinin əməkdaşları buraxılır.

Harutyunyan və onunla mühakimə olunan daha 14 nəfərə 2 min 548 epizod üzrə terrorçuluq, soyqırımı, təcavüzkar müharibə başlama, işgəncə, qəsdən adam öldürmə də daxil, onlarla maddə ilə ittiham verilib. Bu maddələrdə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

Separatçı qurumun "dövlət naziri" olmuş milyarder Ruben Vardanyansa tək mühakimə olunur. İşinə A.Harutyunyan və digərləriylə eyni icraatda baxılmasını istəsə də, onun bu barədə vəsatəti təmin olunmayıb. R.Vardanyanın da məhkəməsi yanvarın 27-də davam edəcək.

Ruben Vardanyanın vəkili AzadlıqRadiosuna danışır: 'Məni Azərbaycana buraxmadılar'
Gözlə

No media source currently available

0:00 0:21:12 0:00

'İmzalı bütün protokollar saxtalaşdırılıb' - Vardanyan ona ittihamları rədd edir

R.Vardanyan da əhalini deportasiya etmə, işgəncə, Azərbaycan sərhədini qanunsuz keçmə, beynəlxalq humanitar hüquq normalarını pozma, terrorçuluğu maliyyələşdirmə və başqa əməllərdə suçlanır.

Ailəsinin dediyinə görə, Vardanyan bu ittihamları qəbul etmir. Bu barədə ailəsi "Telegram" hesabında məlumat verib və bildirilib ki, bu bəyanatı Vardanyan həftəlik telefon zəngi zamanı çatdırıb.

"Mən rəsmi olaraq bəyan edirəm: Həbs olunduğum gündən etibarən yalnız ilk dindirilmə zamanı adımı və soyadımı bildirmişəm, başqa heç bir ifadə verməmişəm. İmzalı bütün protokollar saxtalaşdırılıb. Bu sənədlər, əslində, mövcud deyil. Mənim vəkilim və tərcüməçim bu sənədləri imzalamağa məcbur edilib", - keçmiş separatçı qurumun "dövlət naziri" deyib.

Lakin Azərbaycanın istintaq orqanı bəyan edib ki, R.Vardanyanın müdafiə, bildiyi dildən istifadə və digər prosessual hüquqları təmin olunub: "Təqsirləndirilən şəxs özünün seçdiyi vəkillərlə təmin olunub, özü və vəkillərinin verdiyi vəsatətlərə qanunvericiliyin tələblərinə uyğun baxılaraq müvafiq qərarlar qəbul edilib".

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycanla Ermənistan arasında toqquşmalar doğurmuş, Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal edilmişdi. Bakı 2020-ci ildə 44 günlük müharibə nəticəsində həmin 7 rayona, Qarabağınsa bir bölümünə nəzarətini bərpa etmişdi.

Azərbaycan ötən il sentyabrın 19 və 20-də Qarabağda "lokal antiterror tədbirlər" elan etmiş, Yerevansa bunu "etnik təmizləmə" adlandırmışdı.

Qarabağdakı separatçı qurumun son rəhbəri Samvel Şahramanyan yeni ilədək bu qurumun fəaliyyətini dayandıracağını açıqlamış, ancaq Ermənistana getdikdən sonra bu qərarından vaz keçdiyini bildirmişdi. Qarabağdan Ermənistana əhali köçü də o vaxt baş vermişdi.

Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG