Keçid linkləri

2025, 22 Yanvar, çərşənbə, Bakı vaxtı 14:49

ÜST ABŞ-nin qərarından təəssüflənir


Donald Tramp
Donald Tramp

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Birləşmiş Ştatların təşkilatdan çıxmaq niyyətində olduğunu elan etməsindən təəssüflənir. Bu barədə ÜST-nin yaydığı bəyanatda bildirilib.

ÜST-nin qlobal əhəmiyyətinin vurğulandığı bəyanatda xatırladılıb ki, Birləşmiş Ştatlar 1948-ci ildə bu qlobal səhiyyə institutunun təsisçi üzvü olub. ABŞ o vaxtdan bəri 193 digər üzv dövlətlə birgə Ümumdünya Səhiyyə Assambleyası və İcraiyyə Şurasında fəal iştirakı vasitəsilə ÜST-nin işinin formalaşdırılmasında və idarə olunmasında iştirak edib.

Qeyd olunub ki, 70 ildən artıqdır ki, ÜST ilə ABŞ arasında əməkdaşlıq "saysız-hesabsız insanların həyatını xilas edib".

"Ümid edirik ki, Birləşmiş Ştatlar yenidən bu qərarını nəzərdən keçirəcək. Biz dünyada milyonlarla insanın sağlamlığı və rifahı naminə ABŞ və ÜST arasında tərəfdaşlığı qorumaq üçün konstruktiv dialoqu səbirsizliklə gözləyirik", - təşkilatın bəyanatında deyilir.

ABŞ prezidenti Donald Tramp yanvarın 20-də keçirilən andiçmə mərasimindən dərhal sonra bir sıra qərarlar imzalayıb ki, onlar arasında ölkənin ÜST-dən geri çəkilməsi də var.

Trampın imzaladığı sərəncamda bildirilir ki, ABŞ "COVID-19 pandemiyasını və digər qlobal sağlamlıq böhranlarını düzgün idarə edə bilməməsi, təcili ehtiyac duyulan islahatların aparılmaması və üzv dövlətlərin siyasi təsirindən asılı olması" səbəbindən ÜST-dən çıxır.

Sənəddə vurğulanır ki, təşkilatı tərk etməyin digər səbəbi ABŞ-nin ÜST-yə "ədalətsiz dərəcədə ağır" maliyyə ödənişləri etməsidir.

Prezident Donald Tramp imzaladığı sərəncamı göstərir.
Prezident Donald Tramp imzaladığı sərəncamı göstərir.

Tramp prezidentliyinin ilk gününü çoxsaylı fərmanlar imzalamaqla tamamlayıb

ABŞ prezidenti kimi fəaliyyətə başlayan Donald Tramp Co Bayden administrasiyasının 78 qərarının ləğvi də daxil olmaqla, bir sıra fərmanlar imzalayıb.

Tramp ilk fərmanlarını minlərlə tərəfdarının inauqurasiya paradını qeyd etmək üçün toplaşdığı "Capital One Arena" stadionunda imzalayıb. İlk olaraq yeni prezident sələfi C.Baydenin 78 qərarını ləğv edib.

"Onlardan biri deportasiya prioritetlərini yalnız ağır cinayət törətmiş, milli təhlükəsizliyə təhdid yaradan və ya sərhəddə saxlanılan şəxslərlə məhdudlaşdıran fərmandır. Bu fərmanın ləğvi Trampın ilk prezidentlik dövründə qüvvədə olan siyasətinin bərpasıdır. Həmin siyasətə əsasən, ABŞ-də qeyri-qanuni yaşayan bütün şəxslər deportasiya üçün prioritet hesab edilirdi", - "Amerikanın Səsi" xəbər verir.

Tramp həmçinin ABŞ-nin Paris iqlim sazişindən çıxması və "hökumət senzurası"nın qarşısının alınması ilə əlaqədar da fərmanlar imzalayıb. İlk prezidentlik dövründə də Tramp ABŞ-ni Paris iqlim sazişdən çıxarmış, lakin Bayden 2021-ci ildə onu əvəzlədikdən sonra dərhal ABŞ-ni iştirakçı ölkələr siyahısına qaytarmışdı.

Saatlarla davam edən şənlikdən sonra 2021-ci ildən bəri ilk dəfə Ağ evin Oval Ofisinə daxil olan yeni prezident burada da bir sıra fərmanlar imzalayıb. O, 2021-ci il yanvarın 6-da Kapitolda baş vermiş iğtişaşda iştirak etməkdə ittiham olunan 1500-ə yaxın şəxsin əfvi ilə bağlı sərəncam imzalayıb. Tramp bu şəxsləri "girov" adlandırıb.

Ukraynaya yardım dayandırılır

Prezident Tramp həmçinin ABŞ-nin digər ölkələrə, o cümlədən Ukraynaya bütün yardım proqramlarını müvəqqəti olaraq 90 gün müddətinə dayandırmaq barədə sərəncam imzalayıb. Səbəb isə bu yardım proqramlarının yeni administrasiyanın siyasi məqsədlərinə uyğun olub-olmadığını müəyyən etmək üçün araşdırma ilə bağlıdır.

"Heç bir xarici yardım Birləşmiş Ştatlar prezidentinin xarici siyasətinə tam uyğun gəlməyən şəkildə verilməyəcək", - Tramp vurğulayıb.

Bundan əlavə, Tramp federal agentliklərdən müxtəliflik və inklüzivlik proqramlarını dəstəkləməyi tələb edən fərmanı da ləğv edib. Ağ ev tərəfindən yayımlanan sənədin ilk hissəsində qeyd olunur ki, "müxtəliflik, bərabərlik və inklüzivliyin institutlarda təşviqi onları korlayıb, ağır zəhməti, ləyaqəti və bərabərliyi parçalayaraq təhlükəli və bölücü üstünlük iyerarxiyası ilə əvəz edib".

Tramp Şimali Amerikanın ən hündür dağı olan Denalinin adının dəyişdirilməsi barədə də göstəriş verib. Bundan əlavə, Meksika Körfəzinin adının "Amerika Körfəzi" olaraq dəyişdirilməsi ilə bağlı da sənəd imzalayıb. Ağ ev hesab edir ki, adların dəyişdirilməsi Amerikanın böyüklüyünü təqdir etməyə imkan verəcək.

Bundan əlavə, Tramp aşağıdakı fərmanları imzalayıb:

  • COVID-19 pandemiyasının idarə olunmasında yol verdiyi səhvlərə görə ABŞ-nin Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması;
  • Federal səviyyədə ölüm cəzasının bərpası;
  • TikTok-un qadağan edilməsinin 75 gün müddətinə təxirə salınması;
  • Basıldıqda Oval Ofisə bir stəkan "Diet Coke" gətirən düymənin yenidən quraşdırılması.

Donald Tramp 60-cı prezident andiçmə mərasimində
Donald Tramp 60-cı prezident andiçmə mərasimində
20 yanvar

Tramp and içdi

Donald Tramp ABŞ-nin 47-ci prezidenti kimi səlahiyyətlərinin icrasına başlayıb. O, and içmək üçün 16-cı dövlət başçısı Avraam Linkolnun İncilindən istifadə edib.

İnauqurasiya mərasimi bu dəfə soyuq və küləkli hava səbəbindən pilləkənlərdə deyil, Kapitol binasının rotondasında qapalı şəraitdə keçirilib. Bu, qeyri-adidir, lakin tarixdə ilk dəfə deyil: 40 il əvvəl prezident Ronald Reyqan da ikinci müddətində qapalı məkanda and içmişdi.

Andiçmə mərasimində Tramp ailəsinin üzvləri, onun sələfi Co Bayden və vitse-prezident Kamala Harris iştirak ediblər. Tədbirə keçmiş prezidentlər - Bill Klinton (1993-2001), Corc Buş (2001-2009), Barak Obama (2009-2017) və keçmiş dövlət katibi Hillari Klinton da qatılıblar.

Digər qonaqlar arasında İtaliyanın baş naziri Corca Meloni, Argentina prezidenti Xavyer Miley, Böyük Britaniyanın keçmiş baş naziri Liz Trass, Böyük Britaniya, Almaniya, Fransa və digər ölkələrdən olan bir sıra mühafizəkar və sağçı siyasətçilər, "Tesla" və "SpaceX"in qurucusu İlon Mask, "Meta"nın baş direktoru Mark Zukerberq, "Amazon"un qurucusu Ceff Bezos, "Google"un baş direktoru Sundar Piçai də var.

Kapitol rotondasında andiçmə mərasimi
Kapitol rotondasında andiçmə mərasimi

Bayden və Tramp andiçmədən əvvəl Ağ evdə görüşüblər

Tramp Ağ evin qabağında limuzindən düşərkən, prezidentlik müddəti başa çatan Co Bayden ona "evinə xoş gəldin" deyə içəri dəvət edib. İki lider Ağ evdə ənənəvi çay süfrəsi arxasında görüş keçiriblər. Daha sonra eyni avtomobildə Kapitol binasında andiçmə mərasiminə yollanıblar.

Bayden və xanımı Cill Ağ evin qarşısında son selfilərini paylaşıblar.

XS
SM
MD
LG