Keçid linkləri

2025, 22 Yanvar, çərşənbə, Bakı vaxtı 17:52

Avropa liderləri Trampın xeyir-duasını qazanmaq istəyirlər


Donald Tramp ikinci müddətə inauqurasiya mərasimindən bir gün əvvəl Vaşinqtonda keçirilən mitinqdə.
Donald Tramp ikinci müddətə inauqurasiya mərasimindən bir gün əvvəl Vaşinqtonda keçirilən mitinqdə.

Donald Tramp yanvarın 20-dəki andiçməsi ərəfəsində özlərini onun ikinci prezidentlik dönəminə hazırlayan avropalı müttəfiqləri ilə görüşüb.

AzadlıqRadiosunun müxbiri Rey Förlonqun qələmə aldığı məqalədə deyilir ki, xarici liderlərin ABŞ prezidentindən diqqət gözləməsi normaldır. Ancaq Tramp Vaşinqtonun xarici siyasət kitabını param-parça edib və bu dəfə "xəmir" qat-qat çox su apara, Trampın Avropadakı ən yaxın müttəfiqləri arasında yeni oyunçular peyda ola bilər. Hərçənd, Vaşinqtonun maraqları bəzən dəyişir.

Donald Tramp və Viktor Orban
Donald Tramp və Viktor Orban

Viktor Orban

Viktor Orban 5 noyabr seçkilərindən sonra Floridada Trampı ziyarət edən ilk avropalı lider idi.

Macarıstanın baş naziri uzun zamandan bəri Trampla sıx bağlar qurub. O, həm də Trampın 2016-cı ildəki seçki kampaniyasını dəstəkləyən ilk avropalı lider olub. Bu, ideoloji yaxınlıq və şəxsi kimyaya əsaslanan münasibətdir.

Bunun praktik faydaya çevrilib-çevrilməyəcəyi isə başqa məsələdir. Tramp artıq Avropa İttifaqından gələn məhsullara yüksək tariflər qoyacağı ilə hədələyib.

Avtomobil idxalına qoyulan tariflər Macarıstana ziyan vura bilər. Bu ölkədə istehsalat sahəsindəki bütün iş yerlərinin 12 faizə qədəri avtomobil zavodlarının payına düşür. Bura Trampın gözündə əsas siyasi "xortdan" olan Çin şirkətləri də daxildir.

Ancaq Orban düşünür ki, ölkə daxilində problemlərlə üzləşməsi fonunda dünyanın ən güclü dövlətinin lideri ilə özəl münasibətlərə malik olmaq onun üçün prestij məsələsidir.

Budapeşt rəsmiləri AzadlıqRadiosunun macar xidmətinə bildiriblər ki, Tramp seçkilərdə qalib gələndən sonra bir neçə dəfə Orbana zəng edib və Rusiyanın Ukraynayla 3 ildir sürən savaşını necə bitirməklə bağlı onun da fikrini öyrənib.

Rusiya prezidenti Vladimir Putinlə də yaxın olan Orban özünü sülh razılaşması üçün vasitəçilik edə biləcək dövlət xadimi kimi tanıtmağa çalışıb.

"Heç söz yox, bu o demək deyil ki, Ukraynaya dair sülh danışıqlarında gerçəkdən Macarıstana kart veriləcək. Ancaq Viktor Orbana hansı bir şəkildəsə rəmzi jest ediləcəyini təsəvvürümə gətirə bilirəm. Tutalım, danışıqların bir raundu Budapeştdə də keçirilə bilər", - təhlilçi Botond Feledinin sözləridir.

Donald Tramp və Corca Meloni
Donald Tramp və Corca Meloni

Corca Meloni

Yanvar ayında İtaliyanın baş naziri Corca Meloni də Trampı Floridada ziyarət edib.

Trampı ziyarət etmək bir yarış olsaydı, Meloni ikinci gəlsə də, Orbandan daha nüfuzlu tərəfdaş sayıla bilərdi. Orban Aİ-də, əsasən, təklənmiş durumdadırsa, Meloninin yaxşı şəbəkəsi var.

27 üzvü olan Aİ-də çoxları Meloninin Trampın qulağına pıçıldayaraq müxtəlif məsələlərdə onun düşüncə yönünü dəyişdirə bilən lider ola biləcəyinə ümid bəsləyir. Ukrayna məsələsi əsas məsələlərdən biridir. Meloni əvvəldən Kiyevin qatı dəstəkçisi olub. Tariflər məsələsi isə daha bir mühüm məsələdir.

Orban kimi Meloni də ideoloji baxımdan Trampa yaxındır. O, Trampın antiimmiqrasiya mövqeyini paylaşır. Tramp onu "Avropanı fırtına ilə fəth edən fantastik qadın" adlandırıb.

Ancaq Macarıstandan fərqli olaraq, İtaliya NATO-nun ÜDM-in 2 faizini müdafiə xərclərinə yönəltmək hədəfinə çatmayıb. Hesablamalara görə, 2024-cü ildə İtaliya üçün bu göstərici, sadəcə, 1.49 faiz olub. Meloni Trampa Ukraynanı dəstəkləməsi üçün basqı edə bilsə, o da ondan əlini cibinə salmasını istəyə bilər.

"İtaliya, məsələn, Avropa üzərindəki Amerika çətirindən ən çox fayda götürən ölkələrdən biri olub", - Parisdəki Siyasi Elmlər İnstitutunun müəllimi Olivye Kosta belə deyir.

Kosta, eyni zamanda, ABŞ-nin mümkün tariflərinin maraqların haçalandığı məsələlərdən biri ola biləcəyini də vurğulayır: "Fransız və italyan şərablarının hamısını kim içəcək? Bütün o əl çantalarını kim alacaq? Bunun iqtisadiyyata təsiri çox böyük olacaq".

Donald Tramp və Emmanuel Makron
Donald Tramp və Emmanuel Makron

Emmanuel Makron

Fransa prezidenti Emmanuel Makron da Trampla erkən görüş keçirib. O, dekabrda Paris Notr Dam Kilsəsinin böyük açılışında Tramp və Ukrayna prezidenti Volodımır Zelenskiyə ev sahibliyi edib.

Bu, Trampın Ukraynaya yanaşmasına təsir etmək yönündə göstərilən ilk səy idi. Bu səyin hər hansı nəticəsinin olub-olmamasına dair heç bir dəlil yoxdur. Tramp Ukraynaya yardımı kəsməklə hədələyib və müharibəni qısa zamanda bitirəcəyinə söz verib. Düzdür, bunu necə edəcəyini deməyib.

Seçkilərdə parlamentdəki çoxluğu əldən verməsindən sonra yaranan siyasi böhran Makronun ölkə daxilindəki mövqeyini zəiflədib. Onun qatı tənqidçisi və mümkün xələfi Marin Le Pensə məhz Trampın ölçülərinə uyğun gələn siyasətçidir.

"Tramp Bayden tərəfindən məğlub edilməsinə sevinən hər kəsə qarşı çox qəzəblidir. Düşünürəm ki, o, onların hamısına bunun əvəzini ödətmək istəyir. Fon der Lyayen, Şolts, Makron və bütün digərlərinə. Bir az filmlərdəki kimi, "Tramp 2 qayıdıb", - Kostanın sözləridir.

Ancaq Makron həm də Aİ-nın ən güclü ordusu olan dövlətinin, üstəlik, nüvə dövlətinin rəhbəridir. Onun ölkəsi BMT Təhlükəsizlik Şurasının da daimi üzvüdür.

O da Tramp kimi Putinlə ünsiyyət kanallarının açıq saxlanmasına çalışıb. Ukraynaya dair sülh danışıqları başlanarsa, Makronun bu məsələdə iştirak etmək üçün əlindən gələni edəcəyi gözlənilir.

Kim Starmer
Kim Starmer

Kir Starmer

Tramp 2016-cı ildə ilk dəfə hakimiyyətə gələndə Britaniyanın baş naziri Kir Starmerin sələfi Tereza Mey Ağ evə baş çəkən ilk lider olub. Bu, Britaniya baş nazirlərinə xas ənənədir. Ancaq bunun bu dəfə də baş verəcəyi bilinmir.

Sosial-demokrat Starmer Trampın siyasi tərsidir. Trampın milyarder dəstəkçisi İlon Mask onu həftələr boyunca trollinq edib.

"Breksit" sayəsində Britaniyanın beynəlxalq çəkisi azalsa da, bu dövlətin hələ də Fransanın malik olduğu bəzi hərbi və diplomatik üstünlükləri var.

Starmerin xarici işlər naziri Devid Lemmi vitse-prezident vəzifəsinə seçilmiş Ceyms Devid Venslə şəxsi münasibət qurmaqdan ötrü aylarla vaxt sərf edib. O, işçi sinfindən çıxmasının və xristian inancına aid olmasının Venslə aralarında ortaq zəmin olduğunu söyləyib.

Starmer Trampın britaniyalı köklərinin (Trampın anası şotlanddır) da bəlli rol oynayacağına ümid bəsləyir.

"Starmer və Leyboristlər Partiyası Tramp dünyası ilə bağlar qurmağa çalışıblar, indi də gələcək Tramp administrasiyası ilə bağlar qurmağa çalışırlar", - Avropa İslahatı Mərkəzindən Ayan Bond belə deyir.

Olaf Şolts
Olaf Şolts

Olaf Şolts

Fevralda seçkiyə getməli olan Almaniya kansleri Olaf Şoltsun vəzifədə uzun müddət qalacağı gözlənilmir.

Onun sələfi Angela Merkelin Trampla münasibətləri yaxşı deyildi. Merkelin Trampın yanında mimikası dəyişirdi. Trampsa bir dəfə özünü Merkeli görmürmüş kimi aparmışdı.

Şoltsun mümkün xələfi Fridrix Merts üçün də Trampla münasibət qurmaq çətin ola bilər. Onun seçki manifestində ÜDM-in, azı, 2 faizinin müdafiə xərclərinə yönəldilməsinə yer verilib. Ancaq bu rəqəmin Vaşinqtonu heyrətə gətirəcəyi gözlənilmir, axı Almaniya onsuz da müdafiə xərclərinə bu qədər vəsait ayırır.

Almaniyanın ABŞ ilə 60 milyard dollarlıq izafi gəlir gətirən ticarət aparması daha önəmlidir. Tramp dəfələrlə bunu tənqid edib. Başqa sözlə, tariflər vacib məsələdir.

Mask da Almaniyanın siyasi səhnəsi barədə fikir yürüdüb. O, "Almaniya üçün Alternativ" (AfD) partiyasını dəstəkləyib. Merts isə bu partiya ilə əməkdaşlıqdan boyun qaçırıb.

Tramp Maskın açıqlamalarını dəstəkləməyib. Almaniya önəmli tərəfdaş olaraq qalır.

Merts deyib ki, Aİ Vaşinqtonla azad ticarət sazişi bağlamağa bir də cəhd göstərməlidir. Trampın birinci prezidentliyi dövründəki sonuncu belə cəhd yarımçıq qalmışdı.

XS
SM
MD
LG