Keçid linkləri

2025, 22 Yanvar, çərşənbə, Bakı vaxtı 15:10

Əfqanlar Trampın qaçqınlara aid proqramları dayandırmasına üzülüblər


Kabildən evakuasiya uçuşundan sonra qaçqınlar İspaniyanın cənubundakı Rota dəniz bazasında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarədən düşürlər.
Kabildən evakuasiya uçuşundan sonra qaçqınlar İspaniyanın cənubundakı Rota dəniz bazasında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarədən düşürlər.

Humayun Bayat həyatında yeni səhifə açmaq üçün fevralın əvvəlində ABŞ-yə köçməsini intizarla gözləyirdi.

"Taliban" 2021-ci ildə Əfqanıstanda hakimiyyəti ələ keçirəndən sonra amerikalı hərbçilərlə çalışan gənc əfqan son üç ilini qonşu Pakistanda keçirib.

"Həyatlarımız təhlükədədir", - Bayat "Radio Azadi"yə belə deyib. Prezident Donald Tramp yanvarın 20-də qaçqınlara aid proqramları dayandırandan sonra Humayunu da ABŞ-yə aparacaq təyyarə reysi ləğv edilib.

"Əfqanıstana da qayıda bilmərik, axı taliblərə qarşı işləmişəm", - Bayatın sözləridir.

ABŞ-nin Əfqanıstanda, az qala, 20 il apardığı savaş zamanı amerikalılarla çalışan Cəmşid Əzizi də təlaş içindədir. Onun da gələn ayın əvvəli ABŞ-yə nəzərdə tutulan uçuşu ləğv edilib.

Onları ölüm gözləyir?

"Bizi Əfqanıstanda ölüm gözləyir… Donald Trampın bizi bilinməzliyə məhkum etməsini istəmirik", - Əzizi belə deyir.

Bayat və Əzizi rəsmi Vaşınqtonun razılığıyla növbəti üç ayda ABŞ-yə köçmək üçün seçilən 1660 əfqan arasındadır.

Ancaq yanvarın 20-dəki andiçmədən az sonra Tramp "qaçqınların gəlişi ABŞ-nin dövlət maraqlarına uyğun olanadək" Qaçqın Qəbulu Proqramını (USRAP) dayandırıb. Beləcə, uçuşlar da ləğv edilib.

"Əfqanlar və müdafiəçiləri çaşqın qalıblar", - Veteran və müdafiə qruplarını birləşdirən "Əfqanların Təxliyə Assosiasiyası"nın üzvü Şon Vandiver "Reuters"ə dediyi sözlərdir.

"Fikirlərini dəyişəcəklərinə ümid bəsləyirik", - o, təşkilatının yeni administrasiyanı mövqeyini dəyişməyə inandırmaq cəhdləri barədə danışarkən belə deyib.

"Çox üzgünük", - ABŞ-nin Kabildəki səfirliyində can həkimi – terapevt çalışan bir əfqanın "Radio Azadi"yə söylədiyi sözlərdir. Dediyinə görə, yanvarın 15-də ABŞ-yə planlaşdırılan səfərinə bir neçə gün qalmış onun müraciətinə hələ baxılırmış.

"Burada çoxlu problemlərlə üzləşirik", - yenə onun sözləridir.

2021-ci ilin avqustunda Əfqanıstandan son qoşun bölmələrini çıxarandan sonra ABŞ-də 200 mindən çox əfqan məskunlaşdı. Onların çoxu ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq hərbi koalisiya ilə işləyib, ya da Vaşınqton və müttəfiqlərinin maliyyələşdirdiyi layihələrə qatılıb.

Minlərlə əfqan da hələ Pakistana, Körfəz və Avropa ölkələrinə müraciətləriylə bağlı qərar gözləyir.

"Özüm barədə narahat deyilər. Məni övladlarım və həyat yoldaşım düşündür",- Pakistanda yaşayan əfqanlardan biri "Radio Azadi"yə belə deyib. Güvənliyi baxımından adının çəkilməməsini xahiş edən bu adam "Taliban"ın qisasından – onu öldürəcəyindən qorxur. Əfqanıstanı idarə edən islamçı qruplaşma ABŞ-nin bu ölkəyə hücumlarını dəstəkləyən hər kəsi "kafir" sayır.

Pakistanda da yaşayan bir əfqan qadının sözlərinə görə, oradakı qaçqınlar böyük basqılarla üzləşirlər. Pakistan hakimiyyəti tez-tez əfqanları təqib edir. Görünən odur ki, buna səbəb "Taliban"ın Pakistan talibləriylə mübarizədə rəsmi İslamabada yardım etməkdən boyun qaçırmasıdır.

"Ümid edirəm ki, güvənli və sabit gələcəyimiz üçün beynəlxalq dəstək alacağıq", - o qadının sözləridir.

Yazını "Radio Azadi"nin əməkdaşı Firuzə Əzizinin materialları əsasında AzadlıqRadiosunun jurnalisti Abubakar Siddik hazırlayıb.

XS
SM
MD
LG