Avropa İttifaqında Avropa Parlamentinə seçkilər başa çatıb. Bu seçkilərdə 27 ölkədən 720 deputat seçilməli idi.
Avropa İttifaqı üzrə seçkilərdə davamiyyət 51 faizdən bir qədər yuxarı olub. Bu, kifayət qədər yüksək göstərici hesab olunur.
Bu seçkilərdə sağ populistlərin əhəmiyyətli uğurlarına baxmayaraq, Avropa Parlamentindəki ən böyük üç mərkəzçi qrup çoxluğunu saxlaya bilib.
Əksəriyyət sağ-mərkəzçilərə tərəfdardır
Ötən seçkilərdə olduğu kimi yenə də birinci yeri Avropa Xalq Partiyası (AXP) tutub. Bu alyans özündə sağ-mərkəzçi qüvvələri birləşdirir. İlkin nəticələrə görə AXP 720 deputat mandatından 184-nü qazana bilər. Hazırkı parlamentdə AXP mandatlarının sayı 174-dür.
İkinci və üçüncü yerləri “Sosialist və Demokratların Mütərəqqi Alyansı” (139 mandat) və “Avropanı yeniləşdirərək” liberal fraksiyası (102 mandat) tuturlar.
Birlikdə bu üç aparıcı fraksiya 403 mandat əldə edə bilər. Hazırda mərkəzçi koalisiyanın 705 mandatlıq parlamentdə 417 mandatı var. Belə nəticələrlə Avropa Komissiyasının sədri Ursula fon der Leyen prezidentlik postunu 2029-cu ilədək saxlaya bilər.
İlkin nəticələr elan edildikdən sonra fon der Leyen deyib ki, “mərkəz mövqelərini saxlayıb” və Avropa Xalq Partiyası soldan və sağdan gələn ifratçılıqlara qarşı istehkama çevriləcək.
AXP bu seçkilərdə populyarlığını artıra bilən yeganə böyük siyasi fraksiya olub. Qalan qruplar 2019-cu il seçkisi ilə müqayisədə mandat itkisinə düçar olublar.
Buna da bax: Makron parlamenti buraxırSağ populistlərin uğuru, hakim koalisiyaların iflası
Bu seçkilərdə sağ populistlər də uğur qazanıblar. “Avropa mühafizəkarları və islahatçıları” fraksiyası ümumilikdə 73 mandat qazanıb. Bu fraksiyaya Corciya Meloninin “İtaliya qardaşları” partiyası, Polşanın “Hüquq və ədalət” partiyası, “İsveç demokratları” və İspaniyanın Vox partiyası daxildir.
Daha sağçı siyasi qrup – fransalı Marin Le Penin “İdentiklik və demokratiya” qrupu və Avstriya Azadlıq Partiyası birlikdə 58 mandat qazanıblar. Onlar bir neçə həftə bundan əvvəl “Almaniya üçün Alternativ” partiyasını öz heyətlərindən çıxarıblar. Almaniya üçün Alternativ bu seçkidə 14 mandat qazana bilər.
Ümumilikdə bu iki qrup Avropa Parlamentində 130 yerə sahib ola bilər ki, bu da təxminən 2019-cu il seçkisinin nəticəsinə yaxındır.
Amma belə bir ehtimal da var ki, bu iki qrup birləşərək potensial baxımdan sağ populist superqrupu yarada bilər. Bu halda sözü gedən qrup parlamentdə ikinci böyük fraksiyaya çevriləcək. Bu isə o deməkdir ki, bu qrupa daxil deputatlar komitə sədrləri və məruzəçilər kimi mühüm postlara sahiblənə bilərlər.
Bəzi ölkələrdə sağ populistlərin nəticələri xüsusilə inamlı olub. Fransada sağ populist Marin Le Penin “Milli Birlik” partiyası, prezident Emmanuel Makronun mərkəzçi/liberal partiyalarından ibarət koalisiyasından iki dəfə çox səs toplayıb.
İspaniyada da sağçı Xalq Partiyası hakim sosialistlərdən çox səs qazanıb. Avstriyada isə ekzit pol nəticələrinə görə ifrat sağçı Azadlıq Partiyası irəlidədir. Latviyada iki partiya irəli çıxıb: hakim koalisiyaya daxil “Yeni birlik” və müxalif “Milli birlik”.
Polşada səslərin 12 faizini ifrat sağçı “Konfederasiya” toplayıb. Qələbəni isə baş nazir Donald Tuskun avropayönlü mərkəzçiləri qazanıblar.
Buna da bax: İran prezident seçkisində islahatçı deputat önə çıxırŞoltsun partiyası uduzub, Orbanın partiyası qələbə qazanıb
Almaniyada böyük səs çoxluğu ilə Xristian-Demokrat İttifaqı (XDİ) və Xristian Sosialist İttifaqı (XSİ) partiyalarının sağ mərkəzçi birliyi uğur qazanıb.
Hakim koalisiya da seçkiləri uduzub. Kansler Olaf Şoltsun Sosial-Demokrat Partiyası son 100 ilin ən pis nəticəsini nümayiş etdirib. Bu partiya üçüncü yeri tutaraq hətta Almaniya üçün Alternativ partiyasına da uduzub. Almaniya üçün Alternativ seçki ərəfəsində Kremllə əlaqələrinə görə ittiham edilirdi.
Çexiyada da analoji vəziyyət yaranıb. Burada da hakim koalisiyaya daxil bütün partiyalar məğlub olublar. Seçkidə birinci yeri Ano (Bəli) partiyası qazanıb. İfrat solçular və ifrat sağçılar üçüncü yerdədirlər.
Macarıstanda baş nazir Viktor Orbanın hakim Fides partiyası 43 faizlə qalib gəlib. Amma bu seçkidə Peter Madyarın yenicə yaradılmış “Hörmət və azadlıq” partiyası səslərin 30 faizindən çoxuna sahib olub. Madyar Orbanın keçmiş müttəfiqidir, lakin daha avropayönlü və xeyli populyardır.
Avropa Parlamentinin 100-dək deputatı hələ ki, heç bir fraksiyaya qoşulmayıblar. İndiki parlamentdə belələrinin 36 mandatı vardı. Onlar yeni parlamentdə 98 mandat qazana bilərlər. Yeni qrupların yaradılması üçün azı 23 deputat tələb olunur. Deputatların qrupların tərkibi haqqında qərar qəbul etmələri üçün iyulun 16-dək vaxtları var.