Lukaşenko rejimi tənqidçilərini uşaqlarını əllərindən almaqla cəzalandırır

Belarusda məktəblilər

Belarusda Vasil və ailəsi bu yaxınlarda "sosial baxımdan güvənsiz" durumda olan ailələr siyahısına daxil edilib. Bu status onunla xanımının valideynlik hüququndan məhrum edilməsi, övladlarının da dövlət uşaq evlərinə göndərilməsi ilə nəticələnə bilər.

Belaruslu ictimai fəal olan Vasil (ad dəyişdirilib) deyir ki, onların adı bu siyahıya ötən il "ekstremist material yaymaqda" günahkar bilinməsindən sonra salınıb.

Qanuna görə inzibati xəta sayılan "ekstremist material yaymaq" ittihamından Belarusda çox zaman Aleksandr Lukaşenko rejimini tənqid edən sosial media postlarını bəyənib-paylaşanlara qarşı istifadə edilir.

Polisin "ekstremist material" saydığı kontentin Daxili İşlər Nazirliyinin vaxtaşırı yenilədiyi siyahısında Belarusda yasaqlanan çoxsaylı müstəqil media saytları da var. AzadlıqRadiosunun Belarus xidməti və Radionun əməkdaşı Fərəngis Nəcibullanın hazırladığı məqalədə deyilir ki, belə kontentə abunə olmaq, onların məqalələrinə şərh yazmaq, yaxud onları paylaşmaq ekstremizmdə suçlanmanıza yol aça bilər.

"Hər ailəyə cəmi 15 dəqiqə vaxt ayırır"

"Sosial işçi mənə dedi ki, yerli hökumətdə xüsusi komissiya ailələrin "sosial baxımdan güvənsiz" durumda olanların siyahısına əlavə edilməsinə dair qərar verərkən, hər ailəyə cəmi 15 dəqiqə vaxt ayırır", - Vasil AzadlıqRadiosuna belə deyib. Onun sözlərinə görə, uşaqlarının oxuduğu məktəbdən və ailənin durumunu yoxlayan çoxsaylı yerli hökumət qurumlarından "əla" hesabatlar alıb.

Di gəl, hesabatların yaxşı olması komissiyanın qərarlarına təsir göstərmir. Vasilin fikrincə, komissiyanın qərarı onu hökumətə qarşı baxışlarına görə cəzalandırmaq üçün verilən siyasi motivli cəzadır.

Aleksandr Lukaşenko 1994-cü ildən hakimiyyətdədir.

Belarus daha öncə də siyasi məhbusların övladlarının əllərindən alınmasına və ya sadəcə, insanları bu mövzuda hədələməsinə - onları guya risk altında olan ailələrin siyahısına saldığına görə insan haqları qurumları tərəfindən tənqid edilib.

Hökumətsə israr edir ki, Belarusda heç bir siyasi məhbus yoxdur. Ancaq insan haqları qurumları bildirir ki, ölkədə 1300-dək siyasi məhbus var və onların çoxuna tibb xidmətlərinə çıxış, yaxud yaxınları ilə əlaqə saxlamaq imkanı verilmir.

Bir zamanlar "Avropanın son diktatoru” adlandırılan Lukaşenko 1994-cü ildən bəri hakimiyyətdədir. Rusiyanın yaxın müttəfiqi olan Belarus lideri seçki saxtalaşdırılmasında, müxalifyönlü insanların aramsız cəzalandırılmasında, eləcə də media və vətəndaş cəmiyyətinə sərt məhdudiyyətlərin qoyulmasında suçlanır.

Vasil və AzadlıqRadiosuna anonimlik şərtilə danışan bir neçə başqa belaruslu valideyn deyir ki, indi dövlət qurumları siyasi məhbuslara qarşı istifadə etdikləri praktikanı sosial mediada bilgi paylaşan valideynlərə də tətbiq etməyə başlayıblar.

Valideynlərin fikrincə, bu tədbirlər yanvarın 26-da keçiriləcək prezident seçkisi öncəsi bütün hakimiyyət tənqidçilərini susdurmaq üçün düşünülüb. Bu seçkilərdə 70 yaşlı Lukaşenkonun yeddinci dəfə özünü prezident elan edəcəyi gözlənilir.

Repressiv mühit

Artıq çox adam bu seçkini Lukaşenko hakimiyyətinin dəstəklənməsini hədəfləyən saxta tədbir kimi tənqid edib. Yanvarın 17-də ABŞ-nin artıq keçmiş dövlət katibi Antoni Blinken deyib ki, legitim demokratik prezident seçkisini Belarusun "repressiv" mühiti əngəlləyir.

AzadlıqRadiosuna danışan valideynlər siyahıya salındıqdan sonra daim övladları üzərində qəyyumluğu itirmək təhlükəsi ilə üz-üzə qalacaqlarını deyirlər.

Qara siyahıya salınan ailələr yaxından izlənilir. Bəzi ailələr yerli məmur və həkimlərin dolanışıq durumunu yoxlamaq bəhanəsiylə həftədə altı dəfəyədək onların evlərini qəfil ziyarət etdiyini deyir.

2020-ci ilin oktyabrında Minskdə keçirilən mitinq zamanı polis hökumət əleyhinə nümayişçilərə qarşı su şırnaqlarından istifadə edir.

Vasil bu durumun insanları stressə saldığını bildirir. Ancaq o, daha çox uşaqların başına gətirilə biləcək nəticələrdən narahatdır, axı uşaqlar onsuz da məktəbdə hökumətin amansız təbliğatına məruz qoyulur.

""Çətin durumda olan ailə" statusu uşaqlara pis təsir göstərir və onları valideynlərinə qarşı çevirə bilər. Uşaqlar düşünürlər ki, atama, yaxud anama görə problemim varsa, ən yaxşısı, özümü onlardan uzaqlaşdırım və heç bir şeydə onları özümə örnək götürməyim", - Vasilin sözləridir.

“İslah" yolunu tutması üçün Vasilə üç ay vaxt verilib. Əks halda övladları ailənin əlindən alınacaq. Vasilsə Belarusu tərk etmək qərarına gəlib.

Hökumətin onu tənqid edənlərə qarşı qəyyumluqdan istifadə kampaniyasının nə qədər valideynə təsir etdiyi bilinmir.

Ölkənin cənub-qərbində yerləşən Brest bölgəsində hakim çalışan Svetlana İlyuşina deyir ki, Belarus məhkəmələri 2023-cü ildə 1225 kişini, 595 qadını və 467 cütlüyü valideynlik hüququndan məhrum edib.

Bu işlərdən neçəsinin siyasi motivli olması haqda dəqiq bilgi yoxdur.

2020-ci ildə Lukaşenkoya altıncı dəfə prezident olmaq imkanı verən seçkinin ardınca baş qaldıran kütləvi etirazlar zamanı hökumət minlərlə insanı həbs edib.