Lukaşenko TikTok-dakı 'Z' nəslinin diqqətini çəkməyə çalışır

Lukaşenko TikTok videosunda insanların akademiklərə nə üçün pul verməli olduğunu soruşur.

"Bu inəyə nə olub?", - Belarus prezidenti Aleksandr Lukaşenko çox narahat görünən bir məmurdan sərt tərzdə soruşdu və ardınca dedi: "Elə bil cansızdır".

Çin sosial şəbəkəsi TikTok-da hökumətyönlü hesabda yayılan bu video min dəfə paylaşılıb. Burada bir fermadakı pis duruma görə regional məmuru danlayan Lukaşenko görünür.

Yumorlu və həm də cana qorxu salan bu videoçarx rəhbərliyin, bircə dəfə olsa da, danladığı hər kəsin diqqətini çəkəcək.

AzadlıqRadiosunun Belarus xidməti yazır ki, hökumətyönlü qüvvələr yanvarın 26-dakı prezident seçkiləri ərəfəsində 2020-ci ildəki seçkilər zamanı əvvəllər bənzəri görünməmiş etirazlardan çəkinərək TikTok-da gənclərin diqqətini cəlb etməyə çalışır.

O vaxt on minlərlə adam, beynəlxalq müşahidəçilərin fikrincə, saxtalaşdırılmış seçkilərə etiraz etmək üçün küçələrə axışmışdı. Qəddar repressiyalarla cavab verən güvənlik qüvvələri 30 mindən çox etirazçını həbsə atmışdı. Onlardan bir çoxu orada işgəncə və qəddar davranışla üzləşdiyini bildirmişdi.

Lukaşenkolu Belarusda siyasi müxalifət əzilir, mediaya dövlət nəzarətindədir, vətəndaşlarsa günlük yaşamlarında iqtisadi basqı və yetərsiz fərdi azadlıqlarla keçinməyə məcbur qalır. Əminliklə demək olar ki, Lukaşenko, ard-arda 7-ci dəfə yenidən prezident seçiləcək.

Duyğuları üzə çıxaran platform

Qısıtlamalar olsa da, Belarusda TikTok çox yayılıb. İstifadəçi sayı 2022-ci ildəki 3 milyon 80 min nəfərdən 2024-cü ilin əvvəlində 5 milyon 360 min nəfərə yüksəlib. Bu, ölkənin 9.4 milyon əhalisinin yarıdan çoxu deməkdir. Hər yaşdan və təbəqədən olan belaruslar TikTok-dan forum kimi yararlanırlar. Onlar mağazalarda qiymətləri, dövlət müəssisələrində xidmətin keyfiyyətini, məktəblərdə uşaqlara nə öyrədildiyini müzakirə edirlər.

Prezident administrasiyası rəhbərinin birinci müavini Natalya Petkeviç TikTok-u "nüvə silahı" adlandırıb. Bu silah rejimə öz vətəndaşlarının nədən narazı olduğunu bilməyə imkan verir.

"70-80 faiz hallarda bu vəziyyətləri erkən mərhələdə qarşısını almaq olardı", - Pekeviç belarusların platformada bölüşdükləri problemlərə toxunarkən belə deyib.

TikTok-da ən çox diqqət çəkən hökumətyönlü hesablar 2023-cü ilin yayında üzə çıxıb. Ən böyüklərindən biri 211 min abunəçisi olan "First News"dur. Burada sıradan bir şəxs kimi göstərilən Lukaşenko ölkənin ayrı-ayrı yerlərinə baş çəkir, həyatının fərqli yönlərindən söz açır.

40 minə yaxın abunəçisi olan "Lukaşenko Top" adlı digər bir kanal prezidentin son siyasi çıxış və bəyanatlarının videolarını paylaşır. Dövlət mediası da, əsasən, hökumətin təbliğatına uyğun bilgiləri yayır.

Təbliğat araşdırıcısı İrina Sidorskaya deyir ki, bu hesablar nə Qərb, nə də Belarus müxalifəti haqqında yazmır: "Əksinə, onlar, sadəcə, Belarusun nə olduğunu göstərir və ardınca hakimiyyət orqanlarını tərifləyir".

"First News" Lukaşenkonun ölkə üzrə səyahətlərini xəbərləyir.

"Biz sabitliyi seçirik"

Sidorskayanın bilgisinə görə, onlar, əsasən, iki əsas mövzuya diqqət yetirir. Bunlar Lukaşenkonun 1994-cü ildə prezident olandan sonrakı - "Biz sabitliyi seçirik" və "Belarus bizim evimizdir" şüarlarıdır.

Abunəçi və yenidən paylaşım sayı necə olsa da, bu hesabların hədəf auditoriyasında belarusların payı bilinmir. TikTok təhlil platforması "ekzolyt"in bilgilərinə görə, "First News" abunəçilərinin yalnız 40 faizi Belarusdandır. Qalanları, əsasən, Moldova, Ukrayna və Qazaxıstandandır. Hökumətyönlü digər hesabın - "Prostopervy" abunəçilərinin də cəmi 30 faizi ölkəiçi istifadəçilərdir.

"Fərqli ölkələrdən olan abunəçilərin şübhəli sayı onların satın alınmasına eyham vura bilər", - media təhlilçisi Mixail Daroşeviç belə deyib. Bəzi şirkətlər hər 100 abunəçidən 50 sentədək pul götürə bilər.

Bu, TikTok üçün ilk belə hal deyil. 2024-cü ilin noyabrında Rumıniyada keçirilən prezident seçkilərinin birinci turu ərəfəsində TikTok 66 mindən çox saxta hesabı, 7 milyon saxta bəyənməni və 10 milyon saxta izləyicini ləğv edib, 216 mindən çox spam hesabın yaradılmasının önünü kəsib. İddialara görə, ilk turda qalib gələn prezidentliyə namizəd sağçı Kelin Corcesku bu hesablardan faydalana bilərdi. Rumıniya kəşfiyyat xidmətinin bilgisinə görə, 25 minə yaxın hesab seçkidən cəmi iki həftə əvvəl Corceskunun apardığı kampaniyanı təbliğ etməyə başlayıb. Bu da onun bu sosial mediadakı varlığı barədə şübhələrə yol açıb. Avropa Komissiyası Rusiyadan müdaxilə iddialarıyla bağlı seçkilərin dürüstlüyünə qarşı sistemli riskləri "düzgün" qiymətləndirə və yumşalda bilmədiyinə görə TikTok-a qarşı rəsmi araşdırmaya başlayıb.

Görünən odur ki, Belarus hakimiyyəti hesablarının təbliğata görə silinə biləcəyinə hazırdır. Bundan qorunmaq üçün hökumətyönlü operatorlar gerçək şəxsə məxsus hesabın adından çox cüzi fərqlənən bir neçə klon-hesab yaradırlar. Media təhlilçisi Daroşeviçin bilgisinə görə, platforma cəzalandırmağa başlasa, bu strategiya ehtiyat variant kimi nəzərdə tutulub.

Lukaşenko uşaq xoru ilə oxuyur.

Məhdud təsir

İstifadəçi sayı artsa da, ekspertlər rejimin öz TikTok strategiyası üzərində yetərincə yaxşı çalışmadığını düşünürlər. "Onlar sadə məzmun hazırlayırlar: biz yaxşı olan hər şeyin lehinə, pis olan hər şeyin əleyhinəyik. Onlar hələ birinci mərhələdədirlər", - Sidorskaya belə deyir və fikrini tamamlayır: "Fərqli hədəf qrupları ilə işləmirlər".

Medianın monitorinqiylə məşğul "Media IQ"nun baş təhlilçisi Pavlyuk Bıkovski TikTok-da rejim təbliğatının, özəlliklə gənclər üçün səmərəliyinə şübhə ilə yanaşır: "Bəlkə də, dövlət KİV-i TikTok platformasının özəlliklərini anlamır. Ola bilsin, gənclərlə işləməyin xüsusiyyətini anlamırlar".

Di gəl, görünür, hökumətyönlü bir çox hesab anlayır ki, prezident seçkilərinə cəmi bir neçə həftə qalmış həddən çox siyasi mövzudansa əyləncəli video və musiqiyə üstünlük vermək lazımdır.

Qarşıdan gələn səsvermə haqqında az bilgi var və bu, politoloq Aleksandr Klaskovskinin fikrincə, "hətta təbliğatçılar da seçkilərin səhnələşdirildiyini anlayırlar" anlamına gəlir.

"Lukaşenko rəqiblərinin görünməz olmasına ayrıca önəm verilir... özünün unikal olduğunu bildirir. Əsas diqqət seçkilərə deyil ... ancaq insana, onun əvəzolunmazlığına yönəldilməlidir", - Klaskovskinin sözləridir.

Hakimiyyətyönlü videoların birində Lukaşenko seçkiləri yada salsa da, "bu seçkilərə qatılmağa ehtiyac yoxdur" deyir. Cəmi 500 baxış sayı qazanan bu video elə çox diqqət çəkməyib.