Yanvarın 20-də ABŞ Senatı Marko Rubionu dövlət katibi olaraq təsdiqləyib. Bu, yeni administrasiyanın Senat tərəfindən təsdiq edilən ilk yüksək səviyyəli kabinet üzvü olub.
CNN xəbər verir ki, təsdiq səsverməsi Trampın prezident kimi and içməsindən bir neçə saat sonra keçirilib. Səsvermə zamanı heç bir senator Rubionun təsdiqlənməsinin əleyhinə səs verməyib.
Rubio Demokrat senatorların da dəstəyini qazanıb. Təsdiq dinləməsində Nyu-Hempşir ştatının Demokrat senatoru Cinn Şeyhin M.Rubionu "dövlət katibi vəzifəsinə xidmət etmək üçün yaxşı təcrübəyə sahib" olan biri kimi qiymətləndirib.
M.Rubio 2011-ci ildən bəri Floridadan Respublikaçı senator kimi fəaliyyət göstərib. 53 yaşlı senator 2016-cı ildə prezidentliyə namizəd olub, amma sonra namizədliyini geri götürərək Trampı dəstəkləyib.
Rubio ABŞ dövlət katibi postuna seçilən ilk latın amerikalıdır. O, Kuba ilə münasibətlərin normallaşdırılmasına qarşıdır və Çin mövzusunda sərt mövqeyi ilə tanınır. Rubio təsdiq dinləməsində ABŞ-nin Çinlə bağlı sərt bir mövqe tutmasının vacib olduğunu deyib, Çin Kommunist Partiyasını "güclü" və "təhlükəli" rəqib olaraq xarakterizə edib.
Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı Senatda verilən suallara cavab olaraq, M.Rubio deyib ki, Ukraynanın Rusiya qüvvələrini 2022-ci ilin işğalından əvvəlki sərhədlərə qədər geri qovması "reallıqdan uzaqdır". Rubio əlavə edib ki, o və Tramp müharibənin bitməsi barədə həmfikirdirlər.
"Vladimir Putinin davranışı qəbul edilə bilməz, buna heç bir şübhə yoxdur, amma bu müharibə bitməlidir. Məncə, ABŞ-nin rəsmi siyasəti ondan ibarət olmalıdır ki, biz bunun bitməsini istəyirik", - Rubio deyib.