Tramp doğum hüququ ilə vətəndaşlığı ləğv etmək istəyir

ABŞ pasportu

Yanvarın 20-də inauqurasiya mərasimi keçirilmiş yeni prezident Donald Tramp seçki kampaniyası dövründə verdiyi vədlərini yerinə yetirmək üçün bir sıra fərmanlar imzalayıb. Onlardan biri də ABŞ-də doğulanlara avtomatik verilən vətəndaşlıq hüququnun ləğvi ilə bağlıdır.

Prezident Trampın "ABŞ vətəndaşlığının mühafizəsi və dəyərinin qorunması" adlı fərmanı valideynləri ABŞ-də vətəndaş və ya qanuni daimi sakin olmayan yeni doğulan körpələrə vətəndaşlıq verilməsini istisna edir. Bu, Trampın immiqrasiyaya qarşı genişmiqyaslı mübarizəsinin bir hissəsi kimi də xarakterizə olunur.

Fərmanın icrası 30 gündən sonra, yəni fevralın 19-da qüvvəyə minəcək. Bu, ABŞ-də qanuni statusu olmayan valideynlərin dünyaya gətirdiyi on minlərlə uşağa, həmçinin hələ daimi sakin və ya vətəndaş olmayan, sığınacaq verilən şəxslərin və uzunmüddətli H-1B iş icazəsi almış xaricilərin uşaqlarına də təsir edə bilər.

Miqrant hüquqları təşkilatları qərarı "qeyri-konstitusional" və "qəddar" adlandırır

Fərmanı "qəddar və ölkənin prinsiplərinə zidd" adlandıran insan hüquqları qrupları Trampın bu fərmanının qüvvəyə minməsinə mane olmaq üçün federal məhkəmədə iddia qaldırıblar. Demokratlar tərəfindən idarə olunan 22 ştat, Kolumbiya dairəsi və San-Fransisko şəhəri də oxşar əsaslarla iddia qaldırıb.

Amerika Vətəndaş Hüquqları İttifaqı (ACLU) və digər miqrant hüquqları təşkilatları da məhkəmə iddiası qaldıraraq bu fərmanın qeyri-konstitusional olduğunu bildiriblər.

Miqrant hüquqları təşkilatları birgə bəyanatlarında Trampın fərmanının körpələrin həyatını riskə atması və ABŞ-də daimi bir alt sinif yaratması barədə xəbərdarlıq ediblər. Onlar bildirib ki, belə uşaqlar həyati vacib bir mərhələdə əsas səhiyyə xidmətlərindən məhrum edilə bilər, identifikasiya kartları ala bilməz və səsvermə hüququndan məhrum oluna bilər.

Miqrantlar Meksikadan Texas ştatına keçirlər.

Hüquq professoru və Amerika Universitetinin Vaşinqton Hüquq Kollecində miqrantlarla bağlı mərkəzin direktoru Cayeş Ratod AzadlıqRadiosunun Amerika bürosuna verdiyi şərhdə bu işin nəticədə Ali Məhkəməyə gedə biləcəyini deyib.

Trampın fərmanı xüsusilə atası ABŞ-də qeyri-qanuni olan və bu ölkənin vətəndaşı olmayan, anası da qanuni daimi sakin olmayan uşaqlara vətəndaşlıq verilməsini inkar edir. Eyni zamanda, ABŞ-də müvəqqəti – məsələn, turizm, iş və ya təhsil vizası ilə olan və atası nə ABŞ vətəndaşı, nə də qanuni daimi sakin olan anaların uşaqlarına da vətəndaşlıq verilmir.

Professor Ratod bildirib ki, Tramp administrasiyasının arqumenti, əsasən, "ananın bağlılığı"na dayanır. Bu, problemli bir müdafiədir, çünki daimi ABŞ-də yaşayan və fərmana əsasən, uşağı doğuşla vətəndaş sayılan bir ana eyni zamanda xarici vətəndaşdır.

"Bu, hüquqi bir sualdır, administrasiya izah etməli və niyə belə bir sərhəd çəkdiyini açıqlamalıdır", - Ratod bildirib.

Hüquq professoru amerikalı qanunvericilərin bu cür vətəndaşlığın ləğvi üçün müxtəlif vaxtlarda qanun layihələri təqdim etdiyini desə də, Trampın "14-cü düzəliş"in təfsirinə qarşı etdiyi çağırışın Ağ ev tərəfindən ilk cəhd olduğunu vurğulayıb.

"Düzəlişin əhatə dairəsini məhdudlaşdırmaq üçün irəli sürülən arqumentlər konservativ dairələrdə onilliklərdir ki müzakirə olunur. Bu indi miqrasiya əleyhinə genişlənən reaksiyalar və Ali Məhkəmənin sağmeylli dəyişimi fonunda ön plana çıxır. Görünən odur ki, administrasiya bu arqumentlərdən yararlanır, çünki qanunu dəyişdirmək üçün bir şansları olduğuna inanırlar", - professor Ratod bildirib.

"14-cü düzəliş"in tarixi

1868-ci ildə ABŞ Konstitusiyasına edilən 14-cü düzəlişdə deyilir: "ABŞ-də doğulmuş və ya təbii yolla vətəndaşlıq alan bütün şəxslər və onların yurisdiksiyasına tabe olanlar ABŞ və yaşadıqları ştatın vətəndaşlarıdır".

Bu dəyişikliyə qədər 1857-ci ildə Ali Məhkəmə Afrika amerikalılarının irq səbəbindən ABŞ vətəndaşı olmadığını qərara almışdı. Bu da onların hüquq və azadlıqlarını, o cümlədən səsvermə hüququnu inkar edirdi.

ABŞ-Meksika sərhədində miqrant növbəsi

"14-cü düzəliş"in indiki təfsiri odur ki, diplomat uşaqları xaric, ABŞ-də doğulan hər kəsə vətəndaşlıq verir.

Ancaq bu qanun xüsusən qeyri-sabit və ya repressiv xarici ölkələrin varlı vətəndaşları tərəfindən sui-istifadə edilir. Onlar hamilə həyat yoldaşlarını və ya sevgililərini ABŞ-yə turizm vizası ilə göndərirlər və nəticədə burada doğulan uşaqları ABŞ vətəndaşlığı əldə etmiş olur. Bu taktika elə bir dərəcəyə çatıb ki, artıq ona "doğuş turizmi" deyilir.

Miqrasiya Araşdırmaları Mərkəzi 2016-cı ilin ortalarından 2017-ci ilin ortalarına qədər olan 12 aylıq dövr ərzində turist vizası ilə ABŞ-yə gələn xarici qadınların 33 min uşaq dünyaya gətirdiyini açıqlayıb. Bu qadınlar, adətən, uşaqlarının pasportunu aldıqdan sonra, onları öz vətənlərində böyütmək məqsədilə ABŞ-dən geri qayıdırlar.

2019-cu ilin yanvarında, Trampın birinci prezidentlik müddətində ABŞ prokurorları ilk dəfə olaraq "doğuş turizmi" biznesi ilə məşğul olan şəxslərə qarşı federal ittihamlar irəli sürüblər. Həmin işdə "doğuş turizmi" məqsədilə Çin vətəndaşlarından yüksək məbləğdə pul alan 19 nəfər ittiham olunub.

Eyni ildə "The Associated Press" hər il yüzlərlə rusiyalı hamilə qadınının Floridaya gəlib doğuş etdiyini yazıb.

Valideynlər uşaqları böyüyüb yetkinlik yaşına çatdıqda ABŞ vətəndaşlığı əldə edə bilərlər. ABŞ vətəndaşlığı ölkənin təqdim etdiyi imkanlar və hüququn aliliyinə görə arzuolunandır. Həmçinin, ABŞ pasportu sahibləri həbs olunduqda və ya vətəndə böhran vəziyyəti ilə qarşılaşdıqda yerli ABŞ səfirliyindən dəstək ala, təxliyə oluna bilərlər.

Lakin "doğuş turizmi" ABŞ-də qeyri-vətəndaşlar tərəfindən doğulan uşaqların yalnız bir hissəsini təşkil edir. Digər uşaqların valideynləri isə sığınacaq axtaranlar və ya vətəndaşlıq üçün müraciət edənlərdir.

Tramp birinci prezidentlik müddətində xarici vətəndaşlardan doğulan uşaqlara avtomatik ABŞ vətəndaşlığı verilməsinə qarşı çıxmış, amma bununla bağlı hüquqi tədbir görməmişdi.

Ekspertlər bildirir ki, 2016-cı ildə ilk seçkilərində siyasi təcrübəsi olmayan Tramp Ağ evə geri qayıtma ehtimalını nəzərə alaraq son dörd il ərzində mübahisəli qanunvericiliyi diqqətlə nəzərdən keçirib.