Aİ-nin baş diplomatı Trampın müdafiə xərclərinin artırılması çağırışını dəstəkləyir

Kaya Kallas

Avropa İttifaqı (Aİ) müdafiə xərclərini artırmalı, "ən pis vəziyyətə hazırlaşmaq" və "lazım gələrsə, təkbaşına" mübarizə apara bilmək üçün tədbirlər görməlidir.

Bunu Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas bu gün Brüsseldə Avropa Müdafiə Agentliyinin illik konfransında çıxışında deyib.

"Milli kəşfiyyat agentliklərimizin bir çoxu bizi məlumatlandırır ki, Rusiya üç-beş il ərzində Aİ-nin özünümüdafiə hazırlığını sınaqdan keçirə bilər", - Kallas deyib. O, Rusiyanın üç ay ərzində Aİ-nin 27 üzv ölkəsinin birlikdə 12 ayda istehsal edə biləcəyindən daha çox silah və sursat istehsal edə biləcəyi barədə xəbərdarlıq edib.

"Tramp haqlıdır"

K.Kallas deyib ki, ABŞ prezidenti Aİ-ni müdafiə sahəsinə lazımi maliyyə ayırmadığı üçün tənqid etməkdə haqlıdır: "Prezident Tramp haqlıdır ki, biz yetərincə vəsait xərcləmirik. Artıq investisiya qoymağın vaxtıdır. Amerika Birləşmiş Ştatları bizim ən güclü müttəfiqimizdir və belə də qalmalıdır. Aİ-nin ABŞ-yə mesajı aydındır – biz öz müdafiəmiz üçün daha çox iş görməli və Avropanın təhlükəsizliyinə görə məsuliyyətin ədalətli payını üzərimizə götürməliyik", - Avropa İttifaqının top diplomatı çıxışında vurğulayıb.

"Euronews" yazır ki, növbəti 10 il ərzində Aİ-nin müdafiə sahəsində rəqabət qabiliyyətini qoruyub saxlaya bilməsi üçün azı 500 milyard avroya ehtiyacı olacaq. Lakin indiyədək 2021-2027-ci illəri əhatə edən Aİ-nin uzunmüddətli büdcəsində müdafiə və təhlükəsizlik üçün cəmi 13 milyard avro ayrılıb ki, bu da ümumi büdcənin cəmi 1.2 faizini təşkil edir.

"Bizə üzv dövlətlərdən və özəl sektordan, eyni zamanda, ümumi Avropa büdcəsindən investisiyalar lazımdır. Biz 1 faizdən daha çox xərcləməliyik", – Aİ-nin Ali Nümayəndəsi deyib.

"Vahid Avropa ordusu lazım deyil"

Keçən il Aİ-yə üzv dövlətlər müdafiə sahəsinə ortalama olaraq ÜDM-in 1.9 faizini ayırıb. Digər tərəfdən, Rusiya bu sahəyə ÜDM-in 9 faizini xərcləyib.

Litva regionda Rusiyanın mümkün təcavüzü səbəbindən 2026-cı ildən etibarən müdafiə xərclərini ÜDM-in 5-6 faizi səviyyəsinə yüksəldəcəyini elan edib. Lakin İtaliya və İspaniya kimi bəzi iri iqtisadiyyatlar hələ də NATO-nun 2 faizlik hədəfinə çata bilməyib.

K.Kallas deyib ki, "müdafiə yüksək ixtisaslaşmış və yüksək intensivlik tələb edən bir sahədir, buna pul, insan resursları və zaman lazımdır. Bizim pulumuz və insan resurslarımız var, amma zamanımız yoxdur. Ukrayna bizə vaxt qazandırır".

Aİ-nin Ali Nümayəndəsi Avropanın vahid orduya ehtiyac olmadığını da diqqətə çatdırıb: "Bizə vahid Avropa ordusu lazım deyil. Bizə 27 üzv ölkənin ordusu lazımdır ki, onlar bacarıqlı olsun, rəqiblərimizi çəkindirmək və Avropanı müdafiə etmək üçün effektiv şəkildə birlikdə işləyə bilsinlər".

Bir neçə gün əvvəl Fransa prezidenti Emmanuel Makron da Avropanı oyanmağa və təhlükəsizlik baxımından ABŞ-dən asılılığı azaltmaq üçün müdafiə xərclərini artırmağa çağırıb.

Fransa hərbi qulluqçuları qarşısında çıxış edən prezident Makron soruşub: "Əgər sabah Amerika müttəfiqimiz Aralıq dənizindən döyüş gəmilərini çıxarsa, nə edəcəyik? Əgər onlar qırıcı təyyarələrini Atlantikdən Sakit okeana yönəltsələr?".

"Ukraynaya yardım prioritetimiz olmalıdır"

Kallas bildirib ki, Avropanın birinci prioriteti Rusiya işğalına qarşı mübarizə aparan Ukrayna qüvvələrinə yardım göstərmək olmalıdır.

"Ukraynaya daha çox kömək edə biləcəyimizə heç bir şübhə yoxdur. Bizim dəstəyimizlə onlar müharibədə qalib gələ bilərlər", –o vurğulayıb.

"Putinin anladığı yeganə dil güc dilidir", – Kallas əlavə edib.