Yaxın Şərqdə 15 aydır sürən münaqişə bölgədəki qüvvələr balansında ciddi dəyişikliklər doğurub.
Tehranın bölgədəki proksilərini İsrailin əzməsi ilə İran və Rusiya ciddi ölçüdə zəiflədilib və nəticədə Suriyada Bəşər əl-Əsəd rejimi çöküb. İsrail bu münaqişədən güclü tərəf kimi çıxıb. Türkiyə, Misir və Qətər kimi ölkələr də xeyli təsir gücü qazanıb.
AzadlıqRadiosunun əməkdaşları Rey Förlonq və Abubakar Siddikin hazırladığı məqalədə deyilir ki, İranın zəifləməsi, bəlkə də, ən çox diqqətçəkən olaydır. Onun "dirəniş oxu", əsasən, HƏMAS və "Hizbullah"a arxalanırdı.
Münaqişə 2023-cü ilin oktyabrında HƏMAS-ın İsrailə hücum edərək 1200 nəfəri öldürməsi və 200 nəfəri girov götürməsi ilə başlanıb.
İsrailin bombardmanı və onun ardınca başlanan qurudan hücumu nəticəsində HƏMAS rəhbərliyinin əsas fiqurları və, hesablamalara görə, 18 min HƏMAS döyüşçüsü öldürülüb.
Ancaq münaqişə eyni zamanda Qəzzanı xarabalığa çevirib və Qəzza səhiyyə qurumlarının məlumatına görə, 46 min insanın ölümünə səbəb olub.
Başqa növ toqquşmalar?
"HƏMAS-ın əsas rəhbərliyinin zəiflədilməsi və Qəzzanın dağıdılması başqa növ toqquşmalara yol açacaq", - Vaşinqtonda fəaliyyət göstərən Yaxın Şərq və Cənubi Asiya üzrə siyasi təhlilçi və araşdırmaçı Fatimə Əyub belə deyir.
Yanvarın 14-də ABŞ dövlət katibi Antoni Blinken deyib ki, Vaşinqtonun hesablamalarına görə, HƏMAS müharibədə itirdiyi qədər yeni döyüşçü cəlb edib.
"Bu, dayanıqlı qarışıqlıq və əbədi savaş deməkdir", - o, Vaşinqtonda auditoriya qarşısında bu sözləri dilə gətirib.
Müharibə İran üçün fəlakət olub. Son 40 ildə Tehran bölgədə Livan, Suriya, İraq, Qəzza və Yəməni əhatə edən silahlı proksilər şəbəkəsi yaratmağa milyardlarla dollar xərcləyib. Bu gün onun bu şəbəkəsi param-parça olub.
Ötən ilin sentyabrından bəri İsrail Livanda "Hizbullah"a ağır zərbələr endirib. Qrupun çoxillik lideri Həsən Nəsrullah və köməkçiləri öldürülüb.
İsrailin bu hücumları daha öncə Livanda ən güclü siyasi qüvvə olan "Hizbullah"ı ciddi zəiflədib. İndi Livanın yeni prezidenti və baş naziri var. Hər ikisi Tehranın təsirindən azad mötədil və islahatçı fiqurlardır.
Münaqişənin Suriyadakı təsiri daha çox gözə çarpır. "Hizbullah" artıq prezident Bəşər əl-Əsədin hakimiyyətdə qalmasına kömək etmək iqtidarında olmadı. Ukraynada bundan qat-qat böyük savaşa başları qarışan və sayları azalan Rusiya qüvvələri də eləcə.
"İsrail son nəticədə Əsəd rejiminin çöküşünə yol açan hadisələr zəncirini hərəkətə gətirdi", - Londonda fəaliyyət göstərən Xarici Əlaqələr üzrə Avropa Şurası beyin mərkəzinin Yaxın Şərq üzrə eksperti Hyu Lovatt belə deyir.
"Yenildiklərini qəbul edirlər"
Əsəd rejiminin çökməsi ilə Tehran Suriyadan çıxmağa məcbur qaldı.
"İranda hətta qatı mühafizəkarlar və "dirəniş oxu"nun tərəfdarları da yenildiklərini qəbul edirlər", - Vaşinqtonda yerləşən Yaxın Şərq İnstitutu İran proqramının direktoru Aleks Vatankanın sözləridir.
Onun fikrincə, bunun Tehranın bölgədəki ambisiyalarında dönüş nöqtəsi olub-olmadığını demək hələ çox tezdir, axı ərəb dövlətlərindəki İrana bağlı silahlı qruplar da hələ qalmaqdadır: "Xərclər qazancı üstələyir. Onlar bu qərarı verərlərsə, biz İranın bölgədəki gündəliyi …ilə bağlı yeni reallıqla üzləşəcəyik".
Vatanka İranın Yəməndəki husi üsyançılar üzərindəki təsirini daha zəif sayır.
Husilərin İsrailə raket və dron zərbələri endirməsinin və Qırmızı dənizdəki gəmilərinə hücumunun ardınca ABŞ, İsrail və Britaniya Yəmənin şimalında husilərin nəzarətində olan elektrik və liman infrastrukturunu bombardman edib.
"Husilərin fələstinlilərlə müqayisədə qat-qat daha çox müstəqilliyi və öz gündəliyi var. Onlar İranın verdiyi qərarlardan o qədər də asılı deyillər", - Vatankanın fikridir.
Əsədin Moskvaya qaçması Rusiyanın Yaxın Şərqdə öz hərbi platsdarmını itirməsi deməkdir.
Rusiya qoşunlarının evakuasiyasını göstərən görüntülər var. Onların Liviyanın şərqinə köçürüldüyü bildirilir. Kreml soyuq savaş dönəmindən bəri mövcud olan müttəfiqini itirib.
"Rusiya nəhəng strateji zərbə aldı. Qarşıda Rusiyanın Yaxın Şərqdə yenidən qərarlaşmasına imkan yarada biləcək hər hansı açılış görmürəm", - Lovatt belə deyir.
Ancaq Yaxın Şərqdəki digər dövlətlər Tehran, Moskva və digər müttəfiqlərin hesabına əlavə təsir gücü qazanıb.
Artıq Suriyanın gələcəyini formalaşdırmaq üçün Türkiyənin geniş imkanı olacaq.
Ankaranın dəstəklədiyi "Heyət Təhrir əş-Şam" (HTŞ) qrupu ildırım sürətli hücumla Əsəd hökumətini devirdikdən sonra indi Dəməşqdəki müvəqqəti hökumətə rəhbərlik edir.
Bir çox düşməninə ağır zərbələr endirən İsrailin hazırda daha güclü hərbi mövqeyi var.
Misir və Qətər HƏMAS-la İsrail arasında əlçatmaz görünən atəşkəs məsələsində vasitəçilik etməklə diplomatik qazanc götürüb.
Səudiyyə Ərəbistanı fayda götürməyib?
Ancaq neftlə zəngin sünni monarxiya olan Səudiyyə Ərəbistanı bu savaşdan elə bir fayda götürməyib.
"Onlar bütün pullarını "İbrahim razılaşmaları"na qoydular və 7 oktyabrdan öncə rəsmən İsraillə normallaşmaya çox yaxın idilər. Ancaq o zamandan bəri bölgədəki hadisələrdə tutarlı bir təsirə malik olmadılar", - Fatimə Əyub deyir ("İbrahim razılaşmaları" ərəb-İsrail normallaşmasına dair 2020-ci il, sentyabrın 15-də imzalanan sazişlərə verilən ümumi addır – tərc.).
2020-ci ilin sentyabrında imzalanan "İbrahim razılaşmaları"na görə, Riyadın əsas müttəfiqləri olan BƏƏ və Bəhreyn İsraili tanıyıb.
Savaşdan öncə Səudiyyə Ərəbistanı da belə müqavilə imzalamağa ümid edirdi. Ancaq Qəzzadakı dağıntı və qətllərin miqyası nəzərə alınsa, bu ümidin doğrulması çətin olacaq. Bu amil bölgədə ictimai rəyin də çox hissəsini ABŞ-yə qarşı çevirib. Münaqişə zamanı İsraili təmkinli olmağa çağırsa da, ABŞ onun bu müharibədə ehtiyacı olan silahlarla təchizatını davam etdirdi. ABŞ-nin həm müddətini bitirən, həm də Ağ evə yeni gələn administrasiyası sülh razılaşmasının gerçəkləşməsində rolunun olduğunu iddia edir. Ancaq razılaşmadan sonra baş verəcək hadisələrlə yeni prezident Donald Tramp məşğul olmağa məhkumdur.
Onun İrana qarşı maksimum basqı siyasəti yürüdəcəyi gözlənilir. Trampın ritorikası qatı israilyönlüdür. Sülh razılaşmasının qüvvədə qalıb-qalmayacağı, eləcə də Trampın gəlişinin bölgədəki kartları necə yenidən qarışdıracağı isə qarşıdakı günlərdə görüləcək.